Xəbərlər
Musa Quliyev: Gələn ilin büdcəsinin 28 fazinin sosial məsələlərə ayrılması o deməkdir ki, əhalinin həyat səviyyəsi indikindən də daha yaxşı olacaq
«2015-ci ilin dövlət büdcəsi balanslaşdırılmış, investisiya tutumlu və sosial yönümlü büdcədir. Ümumiyyətlə, büdcəni qəbul edərkən biz iki parametri mütləq nəzərə almalıyıq. Birincisi, Azərbaycanın daxilində gedən iqtisadi-siyasi proseslər, ikincisi isə dünyada gedən proseslər diqqətdə saxlanılmalıdır . 2008-ci ildə dünyada böyük maliyyə-iqtisadi böhran baş verdi və hələ də davam edir. Bir sıra ölkələrdə böhran bitsə də, bəzilərində ikinci mərhələsi başlayıb». Bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, Avropa Birliyinin üzvü olan Yunanıstan, Portuqaliya və İspaniya kimi qocaman dövlətlər böhrandan ciddi ziyan gördülər. Belə ki, həmin ölkələrdə əməkhaqları azaldı, iş yerləri ixtisara düşdü, bir sıra sosial proqramlar dayandırıldı və s. Onun sözlərinə görə, belə bir şəraitdə Azərbaycan hər il dövlət büdcəsini 8-10 faiz artırırsa, bu çox yüksək göstəricidir.
«2015-ci il üçün dövlət büdcəsinin xərc hissəsində 1 milyard manatdan çox artım var. Bu, böyük göstəricidir. Ümumiyyətlə, gələn ilin büdcəsinin gəlir və xərc hissəsi artıb. Büdcənin uğurlu cəhəti həm də odur ki, onun gəlir hissəsində qeyri-neft sektorunun payı artır. Bunun əsas səbəblərindən biri də regionların sosial-iqtisadi inkişaf proqramlarının uğurla icra olunmasıdır. Bu proqramlar nəticəsində bölgələrə invesitisiyalar yatırılır. Bölgələrdə rəqabətqabiliyyətli məhsul istehsalına başlanıb, turizmdən, kənd təsərrüfatından, xidmət sektorundan, nəqliyyatdan gəlir götürürük. Eləcə də, kosmik sənayedən qazanc əldə edirik. Bu gün Azərbaycan rəqabət qabiliyyətinə görə dünyada 38-ci dövlətdir. Firəvanlıq indeksinə görə isə 78-ci yerdədir. Bu baxımdan, MDB dövlətlərinin hamısından öndəyik. İnfilyasiyanın tənzimlənməsi və aşağı həddinə görə Azərbaycan dünyada birinci yerdədir. Btütün bunlar ölkəmizdə həyata keçirilən düzgün iqtisadi siyasətin nəticəsidir»- deyə, komitə sədrinin müavini qeyd edib.
M.Quliyev qeyd edib ki, gələn ilin dövlət büdcəsində sosal sahənin payı 28 faizdir. Onun sözlərinə görə, Azərbaycan dövlətinin əsas straeteji xətti vətəndaşların sosial müdafəisidir: «Başlıca məqsəd insanların sosial rifah halının yüksək olmasıdır. Ona görə də, büdcənin üçdə biri qədəri həmişə sosialyönümlü olub. Gələn ilin büdcəsinin 28 fazinin sosial məsələlərə ayrılması o deməkdir ki, əhalinin həyat səviyyəsi indikindən də daha yaxşı olacaq».