YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Müasir dövrdə uşaqların hüquqlarının qorunması çox aktualdır və bütün bəşəriyyəti düşündürən məsələdir

“Müasir dövrdə uşaqların hüquqlarının qorunması çox aktualdır və bütün bəşəriyyəti düşündürən məsələdir”. Bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H. Hüseynova bildirib ki, bu gün dünyanın bir çox yerində silahlı münaqişələr baş verir və bundan ən çox uşaqlar əziyyət çəkirlər. Biz öz tariximizdə də bunun acı nəticələrini görürük. Ermənistanın ölkəmizə silahlı təcavüzü nəticəsində bir milyon Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb ki, onlardan da 300 mini uşaqlardır. Ümumilikdə, müharibə və onun dəhşətləri, uşaqlarda dərin psixoloji iz buraxıb.

Onun sözlərinə görə, 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirməsi faktları qeydə alınmaqda davam edir. Ötən dövrdə 34 uşaq erməni terrorunun qurbanı olub. Onlardan on dördü həlak olub, iyirmisi yaralanıb. Onlardan ən balacası isə bir yaş səkkiz aylıq Zəhra Quliyevadır.

Bu gün bütün dövlətlərin uşaqlara daha yaxşı gələcək qurmaq üçün çox vacib öhdəliklər götürdüyünü deyən Hicran Hüseynova bildirib ki, Dayanıqlı İnkişaf Məqsədləri də uşaqların bütün sahələrdə imkanlarının daha da genişləndirilməsini nəzərdə tutur və müəyyən edilmiş 17 Məqsədin hər biri bu və ya digər şəkildə uşaq hüquqları ilə əlaqəlidir.

“Uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Hətta ən çətin vaxtlarda belə, dövlətimiz üçün uşaq hüquqlarının müdafiəsi prioritet olub. Elə ölkəmizin qoşulduğu ilk beynəlxalq sənədlərdən biri “Uşaq Hüquqları haqqında Konvensiya”dır. Bu il Konvensiyanın qəbul edilməsinin 30 ili tamam olur. Eyni zamanda, BMT-nin Uşaq Fondu ilə əməkdaşlığından 26 il ötür. Ötən illər ərzində uşaqların həyatı, onların hüquqlarının müdafiəsi, inkişafı ilə bağlı çox böyük işlər görülüb, güclü qanunvericilik bazası yaradılıb. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-uşaq siyasəti Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın xüsusi qayğısı və diqqəti nəticəsində daha da gücləndirilib”-deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.