Xəbərlər
Azərbaycan ilə Xorvatiya arasında bir çox sahələrdə əməkdaşlıq müzakirə edilib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun oktyabrın 30-da Xorvatiya Baş nazirinin birinci müavini, xarici və Avropa işləri üzrə nazir Vesna Pusiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə ölkələrimiz arasında müqavilə-hüquq bazasının genişləndirilməsi, sərmayələrin təşviqi, mədəniyyət, turizm, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan ilə Xorvatiya arasında sıx münasibətlərin olduğunu deyən Elmar Məmmədyarov əlaqələrimizin cari vəziyyətini yüksək qiymətləndirib. Qarşılıqlı səfərlərin münasibətlərin inkişafında əhəmiyyətini vurğulayan E.Məmmədyarov belə səfərlərin gələcəkdə daha da artırılmasının vacibliyini diqqətə çatdırıb.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində xüsusi rol oynadığını deyən Vesna Pusiç Xorvatiyanın ölkəmizlə enerji sektoru sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirib. V.Pusiç ölkələrimizin bir sıra sahələrdə, xüsusilə gəmiqayırma sahəsində uğurlu əməkdaşlıq etdiyini söyləyib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və problemin həlli istiqamətində danışıqlar prosesi haqqında məlumat verən E.Məmmədyarov Xorvatiyanın münaqişə ilə bağlı BMT-nin Nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanan mövqeyinin yüksək qiymətləndirildiyini deyib.