Xəbərlər
Uğurlu tərəfdaşlıq modeli
Zaur Muradov
YAP İsmayıllı rayon təşkilatının sədri
Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı il aprelin 6-da Gürcüstana dövlət səfəri çərçivəsində ölkəmizin enerji siyasətinin strateji əhəmiyyətini və regional, eləcə də qlobal enerji təhlükəsizliyində oynadığı mühüm rolu bir daha ön plana çıxarmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti son illərdə ölkəmizin beynəlxalq mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirmiş və onu qlobal enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevirmişdir. Azərbaycan ardıcıl və məqsədyönlü strategiyası ilə yalnız milli maraqlarını təmin etməklə kifayətlənməmiş, eyni zamanda bir çox ölkələrin enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfələr vermişdir. Bu yanaşma ölkəmizi etibarlı, sabit və uzunmüddətli tərəfdaş kimi beynəlxalq arenada ön plana çıxarmışdır.
Gürcüstan ilə formalaşmış strateji əməkdaşlıq modeli regionda enerji və nəqliyyat dəhlizlərinin inkişafına yeni impuls vermiş, qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın uğurlu nümunəsinə çevrilmişdir. Bu əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr Cənubi Qafqazın geosiyasi əhəmiyyətini artırmaqla yanaşı, Avropa məkanının enerji təchizatının şaxələndirilməsində də mühüm rol oynayır. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan transmilli enerji layihələri iqtisadi məzmunu ilə yanaşı, həm də ciddi siyasi əhəmiyyət kəsb edir. Bu layihələr vasitəsilə enerji resurslarının təhlükəsiz, fasiləsiz və dayanıqlı şəkildə dünya bazarlarına çatdırılması təmin olunur, eyni zamanda regionda sabitliyin möhkəmlənməsi və əməkdaşlıq mühitinin genişlənməsi stimullaşdırılır.
Enerji marşrutlarının diversifikasiyası, yeni bazarlara çıxış imkanlarının artırılması və alternativ enerji mənbələrinin inkişafı Azərbaycanın uzunmüddətli strateji baxışının əsas sütunlarını təşkil edir. Bu siyasət nəticəsində Azərbaycan yalnız enerji ixrac edən ölkə kimi deyil, həm də regionda sabitliyin, təhlükəsizliyin və iqtisadi inteqrasiyanın aparıcı qüvvələrindən biri kimi çıxış edir. Dövlətimizin həyata keçirdiyi uzaqgörən və balanslaşdırılmış enerji strategiyası ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyini daha da gücləndirir və onu qlobal enerji təhlükəsizliyinin ayrılmaz iştirakçısına çevirir.
