YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Gürcüstan əlaqələri yeni inkişaf dövrünə qədəm qoyur

Eldar İbrahimov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri, professor

Regionun aparıcı, lider dövləti olan Azərbaycanın apardığı siyasətin ana xətti bölgədə sülh və təhlükəsizliyə nail olmaq, sosial-iqtisadi inkişafı təmin etməkdir. Bu unikal siyasətin bölgə dövlətləri tərəfindən dəstəklənməsi hədəf və məqsədlərə çatmağa geniş imkanlar yaradır. Bu baxımdan hazır da Cənubi Qafqaz dünyada ən sabit, təhlükəsiz region olaraq xarakterizə olunur.  Siyasi təhlilçilərin, ekspertlərin də qeyd etdiyi kimi yaxın perespektivdə Cənubi Qafqaz siyasi-iqtisadi mərkəzlərdən biri olmaqla dünyanın parlayan bölgəsinə çevriləcək.

Regionun yaxın dost və müttəfiq dövlətləri olan Azərbaycanla Gürcüstan istər regional məsələlərdə, istərsə də beynəlxalq təşkilatlarda bir-birinə önəmli dəstək verirlər.  Hər iki dövlət BMT, GUAM, ATƏT və digər beynəlxalq təşkilatlarda ortaq mövqedən çıxış edirlər.

Gürcüstanla Azərbaycan arasında iqtisadi sahə də əməkdaşlıq əlaqələrin əsas sütunlarından biridir. Xüsusilə enerji və nəqliyyat layihələri bu əməkdaşlığın strateji əhəmiyyətini artırır. Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında Gürcüstan mühüm tranzit ölkə rolunu oynayır. Bu çərçivədə həyata keçirilən layihələr yalnız iki ölkə üçün deyil, bütövlükdə region və Avropa ölkələri üçün də böyük əhəmiyyət kəsb edir. 1994-cü ilin sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Gürcüstan vasitəsi ilə Avropaya nəqli iki ölkə arasında münasibətlərin tarixi köklərə əsaslandığını təsdiqləyir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi dünya əhəmiyyətli layihələr reallaşdı ki, bu da ölkəmizin Gürcüstanla strateji tərəfdaşlığa sadiqliyinin təsdiqidir. Azərbaycan Gürcüstan iqtisadiyyatına böyük həcmdə sərmayələr qoyuluşunu həyata keçirir. Hazırda Azərbaycandan Gürcüstan iqtisadiyyatına yatırılan sərmayələrin həcmi 3,7 milyard dollar təşkil edir. Prezident İlham Əliyev Gürcüstana səfəri zamanı mətbuat üçün açıqlamasında bildirdi ki, Azərbaycanla Gürcüstan arasında iqtisadi əlaqələr barədə danışarkən Prezident İlham Əliyev haqlı olaraq qeyd etmişdir ki, bu sahədə əlaqələr hər il artır: keçən il bizim ticarət dövriyyəmiz 800 milyon dollardan çox olmuşdur və bu ilin ilk rübündə yenə də artım kifayət qədər yüksəkdir. Belə gedərsə, biz bəlkə də ilin sonuna qədər bir milyard rəqəminə də çatacağıq.

Azərbaycanın Gürcüstanın Kulevi neft terminalının inşasına göstərdiyi sərmayə qoyuluşu önəmli layihə hesab olunur. Gürcüstanın Xobi regionunda, Qara dəniz sahilində yerləşən Kulevi neft terminalı və limanı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilib.

Zamanında Ulu Öndər Heydər Əliyev Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafına xüsusi önəm vermiş və əlaqələrin inkişafına xidmət edən mühüm addımlar atmışdır. Dahi Öndərimiz Heydər Əliyev demişdir: “Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək”.

Bu gün Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq yüksələn xətlə davam edir. Hər iki ölkənin bir sıra şəhərləri arasında birbaşa əməkdaşlıq əlaqələri qurulub. Bunla bağlı "qardaşlaşma" əlaqələrinə dair müvafiq memorandumlar imzalanıb: Gəncə-Kutaisi (1995-ci il), Sumqayıt-Rustavi (2007-ci il), Naxçıvan-Batumi (2012-ci il), Şəki-Telavi (2012-ci il), Bakı-Tbilisi (2021-ci il), Şəmkir-Marneuli (2022-ci il), Ağstafa-Qardabani (2022-ci il), Göygöl-Bolnisi (2022-ci il), Daşkəsən-Dmanisi (2022-ci il).

Azərbaycanla Gürcüstan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri dünya ölkələri arasında əlaqələr baxımından nümunə sayılır. Prezident İlham Əliyevin aprelin 6-da Gürcüstana rəsmi səfəri zamanı keçirilən görüşlər, imzalana sənədlər iki ölkə arşında əlaqələrin daha da inkişaf etməsinə mühüm töhfələr verəcək. Prezident İlham Əliyev Gürcüstana səfəri zamanı mətbuata verdiyi bəyanatda bildirmişdir ki, Azərbaycan və Gürcüstan uzun illərdir ki, bir-birinə etibarlı tərəfdaş kimi yanaşır və bu münasibətlər qarşılıqlı hörmət və dəstək prinsiplərinə əsaslanır: “Əminəm ki, mənim səfərim iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək. Bu gün müzakirə etdiyimiz məsələlər bir daha onu göstərir ki, Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir. Bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələrimiz üçün möhkəm zəmindir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları dostluq, qardaşlıq şəraitində yaşamışlar və bu gün bu ənənələr davam etdirilir. Bu gün iki müstəqil dövlət kimi Gürcüstan və Azərbaycan inamla inkişaf edir. Fürsətdən istifadə edərək, Gürcüstanın əldə etdiyi uğurlar münasibətilə Sizi və hökumətinizi təbrik etmək istəyirəm”.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışdır: “Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Ancaq bu ixrac yenə də Gürcüstandan başlayır və Gürcüstan burada birinci ölkədir. Həm Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir. Biz bu mövcud infrastruktur haqqında kifayət qədər danışmışıq. Bütün bu infrastruktur göz önündədir və artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi də ondan sonra icra edilmişdir və bu gün bu infrastruktur, əslində, böyük coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Biz sonra bu dəhlizlər üzərindən nəqliyyat dəhlizlərini də inşa etdik və bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu bizim üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcəkdir. Bir sözlə, bizim ikitərəfli gündəliyimiz çox genişdir və bu gündəlik getdikcə genişlənir. Yeni layihələr, yeni fikirlər ortaya atılır və birgə səylərlə biz bunları həll edirik. Bunun əsas şərti və amili, əlbəttə ki, bizim ikitərəfli münasibətlərimizdir. Bizim münasibətlər deyə bilərəm ki, bütün qonşular üçün nümunə ola bilər. Çünki onlar qarşılıqlı hörmət, qarşılıqlı inam, ortaq mənfəət, qarşılıqlı maraqlar, dostluq və qardaşlıq üzərində qurulubdur. Əminəm ki, biz bundan sonra da bu yolla uğurla gedəcəyik”.

Yaxın perespektivdə Azərbaycan–Gürcüstan əlaqələri daha da inkişaf edəcək. Qeyd olunduğu kimi Orta Dəhliz çərçivəsində logistika və nəqliyyat infrastrukturunun genişləndirilməsi, yaşıl enerji, rəqəmsal iqtisadiyyat və birgə investisiya layihələri həyata keçiriləcək ki, bu da hər iki xalqın sosial təminatının daha da yaxşılaşmasına, iqtisadi dayaqlarının möhkəmlənməsinə əhəmiyyətli töhfələr verəcəkdir.