Xəbərlər
Cavanşir Paşazadə: Azərbaycan dünyaya nümunəvi inkişaf modeli təqdim edir
“Azərbaycan iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıraraq dərinməzmunlu sosial siyasət həyata keçirib. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, ölkəmizdə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq respublikamızda vətəndaşların rifah halının davamlı olaraq yaxşılaşdırılmasına, gəlir imkanlarının artırılmasına, onlara göstərilən xidmətlərin əlçatanlığının təmin olunmasına yönələn müxtəlif tədbirlər həyata keçirilir”. Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.
C.Paşazadə bildirib ki, məqsədyönlü siyasətin nəticəsidir ki, ölkəmiz, beynəlxalq səviyyəli reytinq agentliklərinin hesabatlarında da göstərildiyi kimi, insan inkişafı indeksini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa nail olub. Onun sözlərinə görə, BMT-nin bəyan etdiyi Minilliyin İnkişaf Məqsədlərinə qoşulan Azərbaycanda yoxsulluq və işsizlik qısa müddətdə 5 faiz səviyyəsinədək aşağı salınıb.
“Respublikamızda 2019-cu ilin əvvəlindən isə ötən il anonsu verilən böyük sosial paketin icrası aktiv fazaya daxil olub. İlin əvvəlindən bəri dövlət başçısı bilavasitə ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yüksəldilməsinə, onları narahat edən müxtəlif sosial məsələlərin həllinə yönələn çoxlu sayda Fərman və sərəncamlar imzalayıb. Prezident İlham Əliyev aprelin 30-da keçirilən Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində vurğulayıb ki, görülən bu işlər nəticəsində üç milyon insan imzalanmış fərmanlardan bu və ya digər formada faydalanıb, vətəndaşların maddi vəziyyəti yaxşılaşıb, onları narahat edən problemlər öz həllini tapıb. Bütövlükdə, Azərbaycan dünyaya nümunəvi inkişaf modeli təqdim edir. Statistik göstəricilərə nəzər saldıqda və müqayisəli təhlillər apardıqda aydın şəkildə görünür ki, beynəlxalq miqyasda Azərbaycan qədər dinamik iqtisadi inkişaf göstəriciləri qazanan ölkələrin sayı azdır. Bu ilin birinci rübündə respublikamızda ümumi daxili məhsul istehsalı 3,3 dəfədən çox artıb ki, bu da çox yüksək göstəricidir. Eyni zamanda, milli iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyi artıb. Bütün bunlar dinamik inkişafın nəticələridir”-deyə, C.Paşazadə vurğulayıb.