YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BP Xəzərdə qazma və mühəndis-layihələndirmə işləri üzrə müqavilənin müddətini uzadır

Xəzər dənizində yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft yatağının və "Şahdəniz" qaz yatağının operatoru kimi BP şirkəti bu gün Azərbaycanda qazma və mühəndis-layihələndirmə işləri üzrə müqavilənin müddətini əlavə 500 milyon ABŞ dolları dəyərində uzatdığını elan edib.

Şirkətdən verilən məlumata görə, yeni müqavilə “KCA Deutag” şirkəti ilə SOCAR AQŞ-nin birgə müəssisə olan “Turan Drilling & Engineering Company” MMC ilə imzalanıb. Bu, Xəzər regionunda operator qismində çıxış edən BP-nin yerli tərəfdaşı olan şirkətlə bağladığı digər bir iri müqavilədir. Bu, BP və tərəfdaşlarının regionda fəaliyyətə başladığı vaxtdan prioritet sahə kimi yerli potensialın yaradılmasına və yerli bazarın gücləndirilməsinə töhfə verməklə, yerli resurslardan istifadənin inkişaf etdirilməsi üzrə həyata keçirdiyi uğurlu strategiyaya söykənir. Bu, həmçinin BP və tərəfdaşlarının hökumət və SOCAR ilə sıx əməkdaşlıq edərək Xəzərdəki ehtiyatların daha səmərəli və rəqabətədavamlı şəkildə işlənməsinə dair biznes məqsədlərinə uyğundur.

Müqavilə BP tərəfindən idarə olunan yeddi platformanın qazma qurğusu, o cümlədən Mərkəzi Azəri, Şərqi Azəri və Qərbi Azəri, Dərinsulu Günəşli, Qərbi Çıraq, Çıraq və Şahdəniz qurğuları üzrə dənizdə istismar əməliyyatları və texniki xidmət işlərini əhatə edir.

 

Müqavilənin ilkin müddəti iki dəfə bir illik müddətə uzadılma imkanı olmaqla beş il təşkil edir.

BP-nin quyular üzrə vitse-prezidenti Mayk Zanqi deyib: “Biz “KCA Deutag” şirkətinin və SOCAR AQŞ-nin birgə müəssisəsi ilə bu müqaviləni imzalamaqdan məmnunluq duyuruq. Xəzər regionunda uzun müddətdir təhlükəsiz və səmərəli şəkildə fəaliyyət göstərən operator kimi biz “KCA Deutag” şirkətinin beynəlxalq təcrübəsinin və Xəzər regionundakı 20 ildən artıq iş təcrübəsinin SOCAR AQŞ-nin Xəzərə dair dərin bilikləri və Xəzərdə qazma sahəsindəki aparıcı fəaliyyəti ilə birləşməsini alqışlayırıq. BP regiondakı 27 illik uğurlu fəaliyyəti çərçivəsində Xəzərdə dünya səviyyəli platformaların istismarını həyata keçirir. Ümid edirik ki, bu yeni müqavilə əməyin təhlükəsizliyi, yerli bacarıqların inkişaf etdirilməsi, xərclərin səmərəliliyi, rəqabətə davamlılıq və qlobal sənaye standartları üzrə götürdüyümüz davamlı öhdəliyimizi dəstəkləyəcək”.

Qeyd edək ki, bu vaxtadək BP öz tərəfdaşları ilə birlikdə Azərbaycanda neft-qaz layihələrinə və əlaqədar sahələrə 72 milyard dollardan artıq sərmayə yatırıb. BP-nin operatorluğu ilə həyata keçirilən layihələr öz başlıca məqsədlərindən əlavə, həm də yeni iş yerləri açmaqla, gəlir yerləri yaratmaqla, iqtisadi artım üçün imkanlar təmin etməklə, tərəfdaşlıqlar qurmaqla, yerli təchizat zəncirini inkişaf etdirməklə, təhsil və təlim sahəsinə, o cümlədən idman və mədəni irs sahəsinə dəstək olmaqla yerli icmalar üçün çoxsaylı töhfələr verib. Bu fəaliyyətlər Azərbaycan xalqına müsbət istiqamətdə fərqlənmək üçün böyük imkanlar yaradıb. Azərbaycanda BP şirkətində təxminən 2900 nəfər ixtisaslaşmış kadr işləyir. BP-nin Azərbaycanda işləyən ixtisaslaşmış daimi əməkdaşlarının 90%-i yerli kadrlardır və onların bir çoxu yüksək vəzifələrdə işləyir.