Xəbərlər
Malik Həsənov: Azərbaycan xalqı Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini tam dəstəkləyir
“Azərbaycan uğurla inkişaf edir, ölkəmizin milli qüdrətinin daha da artmasını təmin edən mühüm islahatlar həyata keçirilir. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın bütün sahələrdə möhtəşəm uğurlar əldə etməsi bilavasitə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir. Eyni zamanda, aparılan səmərəli sosial-iqtisadi siyasət ölkəmizin hərtərəfli inkişafına xidmət edir, respublikamız qarşısında yeni perspektivlər açır”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov deyib.
Onun sözlərinə görə, dünyanın nüfuzlu reytinq agentlikləri Azərbaycanda həyata keçirilən islahatları, bütün sahələri əhatə edən müsbət göstəriciləri və nailiyyətləri yüksək qiymətləndirirlər. “Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın hazırda dünya miqyasında 25-ci yerdə qərar tutması bu cür nümunələrdən biridir. Sosioloji tədqiqat mərkəzlərindən olan Fransanın “OpinionWay” şirkətinin bu ilin mart ayında ölkəmizdə keçirdiyi rəy sorğusunun nəticələri də Azərbaycanın müsbət reallıqlarını əks etdirir, xalqın Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəklədiyini göstərir. Sorğunun nəticələrinə görə, respondentlərin 80,1%-i ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. Digər tərəfdən, sorğunun “Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz?” sualına respondentlərin 85,1%-i bütövlükdə müsbət cavab verib. Bütövlükdə, “OpinionWay” şirkətinin ölkə əhalisi arasında apardığı sosioloji sorğunun nəticələri göstərir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini tam dəstəkləyir”,-deyə millət vəkili bildirib.