YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin bir ildəki uğurlu fəaliyyəti barədə geniş məlumat yayıb

Dövlətimizin başçısı İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsinin bir ili ilə bağlı Türkiyənin nüfuzlu KİV-ləri, o cümlədən geniş tamaşaçı auditoriyasına malik televiziya kanalları və xəbər portalları ətraflı məlumatlar yayıb.

Məlumatlarda Fransanın nüfuzlu və peşəkar tədqiqat mərkəzlərindən biri olan “Opinion Way” şirkətinin Azərbaycan Prezidentinin son 1 il ərzindəki fəaliyyəti ilə bağlı keçirdiyi rəy sorğusunun nəticələrinə istinad edilib. Bildirilir ki, “Opinion Way” şirkətinin ünvanladığı “Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz” sualına sorğuda iştirak edənlərin 90,5 faizi bütövlükdə müsbət cavab verib.

Anadolu Agentliyi, “Ülke TV”, “CNN Türk TV” kanalları, www.yeniakit.com.tr, www.timeturk.com, www.4haber.com, www.tbajansi.com və digər nüfuzlu xəbər saytları türkdilli oxucuların diqqətinə çatdırıb ki, “Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz” sualını respondentlərin 85,1 faizi bütövlükdə yüksək dəyərləndirib.

“Ülke TV” və “CNN Türk TV” kanallarının yaydığı reportajda qeyd olunub ki, 2018-ci il aprelin 11-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində İlham Əliyev seçicilərin 86,03 faizinin səsini qazanaraq dövlət başçısı seçilib. Reportajda və yazılı məlumatlarda 2003-cü ildə İlham Əliyevin ilk dəfə prezidentliyə namizədliyi ilə Azərbaycanda yaşanan seçki həyəcanından da bəhs olunub. Teleaparıcılar şərhlərində qeyd ediblər ki, Azərbaycan xalqı tərəfindən Prezident İlham Əliyev ölkədə verdiyi vədləri yerinə yetirən dövlət başçısı imici qazanıb.

Məlumat verilir ki, 2003-cü ildə Azərbaycan xalqının dəstəyini qazanan Prezident İlham Əliyev ölkədə ümumi daxili məhsulun 3,2 dəfə artmasına nail olub. Ötən dövrdə Azərbaycanda 15 min kilometr avtomobil yolu salınıb, ölkə iqtisadiyyatına 250 milyard ABŞ dolları sərmayə yatırılıb, valyuta ehtiyatı 24 dəfə artıb, 2 milyon iş yeri açılıb. Azərbaycan valyuta ehtiyatlarını 45 milyard ABŞ dollarına çatdırıb.

Qeyd olunub ki, ölkədə bütün sahələr üzrə uğurlu islahatlar aparılır. Bunun nəticəsidir ki, Dünya Bankının hesabatına görə, Azərbaycan əvvəlki hesabatla müqayisədə 32 pillə irəliləyərək 25-ci yerdə qərar tutub. Prezident İlham Əliyevin xalqın arasında olması Türkiyə KİV-ləri tərəfindən xüsusilə təqdirəlayiq hal kimi dəyərləndirilib. Bildirilib ki, ölkəni rayon-rayon gəzən Prezident vətəndaşlarla görüşür, insanları dinləyir, onlarla səmimi söhbət edir. Prezident İlham Əliyev şəhid ailələri ilə bir-bir ünsiyyətdə olur, onları dəstəkləyir, problemlərini həll edir.

Məlumatlarda dövlət başçısının illik fəaliyyətinə nəzər yetirilib. Diqqətə çatdırılıb ki, bir il ərzində 118 min yeni iş yeri açılıb. İşsızliyin aradan qaldırılması üçün əsaslı zəmin yaradılıb. İki peykə sahib olan Azərbaycan ötən il üçüncü peykini də orbitə çıxarıb.

Reportajda Azərbaycanın ordu quruculuğu sahəsində qazandığı uğurlardan da bəhs edilib. Bildirilir ki, təkcə bir həmlə ilə Naxçıvanın Günnüt kəndi Ermənistanın işğalından azad olunub, 11 min hektar ərazi düşməndən təmizlənib. Son bir ildə görülən işlər sırasında TANAP xəttinin istifadəyə verilməsinə də yer ayrılıb.

Televiziya reportajlarında paytaxt Bakının müasir görkəmini, Azərbaycanın ayrı-ayrı bölgələrini, ölkəmizin füsunkar gözəlliyini, habelə Prezident İlham Əliyevin ictimaiyyət nümayəndələri ilə görüşlərini, beynəlxalq tədbirlərdə iştirakını əks etdirən kadrlardan istifadə olunub.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev Türkiyə KİV-lərinin haqqında ən çox məlumat yaydığı xarici dövlət başçısıdır.

Martın 14-də Azərbaycanın paytaxtında keçirilən VII Qlobal Bakı Forumu və Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki dərin məzmunlu nitqi, dövlətimizin başçısının Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki, ölkədə həyata keçiriləcək islahatlar barədə mesajları, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın aprelin 9-da Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşməsi qardaş ölkənin aparıcı KİV-lərinin diqqət mərkəzində olub. Bütün bu məlumatlar adlarını yuxarıda qeyd etdiyimiz KİV-lərlə yanaşı, nüfuzlu İhlas Xəbər Agentliyinin (İHA) saytında, çoxtirajlı “Hürriyyət”, “Yeni akıt”, “Yeni Şəfəq” və başqa qəzetlərdə, Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzinin rəsmi saytı www.avim.org.tr, “TRT AVAZ” və digər əsaslı xəbər mənbələrində özünə yer alıb.