Gündəm
Əli Əhmədov: Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin böyük hissəsi insan sağlamlığının qorunması ilə əlaqədardır
«Son 10 il ərzində Azərbaycanda səhiyyə sahəsində böyük islahatlar aparılıb, ciddi irəliləyiş əldə olunub. İnfrastrukturun yenilənməsi sahəsində mühüm işlər görülüb. Azərbaycanda ən müasir xəstəxanalar, müalicə müəssisələri yaradılıb, ən yeni tibbi avadanlıqlarla təchiz edilib». Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov “Regionda səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və Azərbaycan üçün seçimlər”” mövzusunda yüksəksəviyyəli siyasi seminarda çıxışı zamanı deyib.
Əli Əhmədov bildirib ki, ölkəmizdə həkimlərin, tibbi personalın peşəkarlığının artırılması sahəsində də vacib işlər görülür. Onun sözlərinə görə, tibbi təhsil sahəsində də ciddi işlər görülüb ki, bu da səhiyyə xidmətinin keyfiyyətinin yüksəlməsinə töhfə verib.
«Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlar yeni bir mərhələyə keçmək üçün etibarlı baza və əsas yaradıb. Bu da səhiyyənin maliyyələşdirilməsi sisteminin təkmilləşdirilməsi, yeni metodlardan istifadə edilməsi ilə əlaqədardır. Ona görə də, düşünürük ki, icbari tibbi sığorta sisteminə keçmək mümkündür. Bu məsələdə Azərbaycan dünya təcrübəsini ciddi şəkildə öyrənir. Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin böyük hissəsi insan sağlamlığının qorunması ilə əlaqədardır»- deyə, Baş nazirin müavini vurğulayıb.