Xəbərlər
Heydər Əliyev Fondunun Pekində təşkil etdiyi konsert Çin KİV-lərinin diqqət mərkəzində olub
Heydər Əliyev Fondunun və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının təşkilatçılığı, Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə Pekində təşkil edilən Azərbaycan-Çin dostluq konserti yerli KİV-lərin diqqət mərkəzində olub.
Çinin milli xəbər agentliyi olan Sinxua, Çin Mərkəzi Televiziyası, “Jenmin Jibao”, “Global Times” və “China Daily” qəzetləri, “China.org” və “Chinanews” internet nəşrləri, digər kütləvi informasiya vasitələri konsert haqqında ətraflı xəbərlər, reportajlar hazırlayıb yayıblar.
Materiallarda Azərbaycanın zəngin mədəniyyətinin və musiqisinin Çində tanıdılması ilə bağlı tədbirlər silsiləsindən olan konsertin iki xalq arasında dostluğu və mədəni mübadiləni möhkəmləndirdiyi qeyd edilir.
Konsertdən əvvəl çıxış edən Baş nazirin müavini Əli Əhmədovun və Ümumçin Xalq Siyasi Məşvərət Şurası Milli Komitəsinin sədr müavini Şao Xonun fikirlərinə istinadla vurğulanır ki, iki xalq arasında tarixi İpək Yolu dövründən başlayan münasibətlər müasir dövrdə daha da genişlənib. Azərbaycan “Bir kəmər, bir yol” strategiyası üzərində yerləşən vacib bir ölkə kimi bu təşəbbüsün həyata keçməsində fəal iştirak edir.
Bildirilir ki, Pekinin ən böyük konsert sarayı olan İfaçılıq Sənəti Milli Mərkəzində təşkil olunan konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini, Azərbaycan xalq mahnılarını, Çin ənənəvi musiqi parçalarını məharətlə ifa ediblər.
Çin Mərkəzi Televiziyası Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun dostluq konserti ilə bağlı müsahibəsini də yayımlayıb.