YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Daşkəsəndə Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib

Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Daşkəsəndə Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər.

Azərbaycan dövlətçiliyinin möhkəm əsaslar üzərində qurulmasında, respublikanın hərtərəfli inkişafında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə respublikamızda çox mühüm tədbirlər görülür. Bu tədbirlər sırasında dahi şəxsiyyətin adını daşıyan, onun siyasi irsinin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edən mərkəzlərin rolu böyükdür. İndi bu cür mərkəzlər paytaxtla yanaşı, bölgələrdə də inşa olunur. Bu mərkəzlərdən biri də Daşkəsən rayonunda tikilib.

Bu Mərkəz Daşkəsənin görkəminə xüsusi gözəllik verir. Mərkəzdəki foto və eksponatlar bir daha sübut edir ki, Azərbaycanın tənəzzül dövründən yüksəliş mərhələsinə qədəm qoyması və hazırkı hərtərəfli inkişafı, beynəlxalq nüfuzunun artması məhz ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətləri ilə bağlıdır. Bu cür mərkəzlər Azərbaycanın Heydər Əliyev irsinə əsaslanan davamlı inkişaf konsepsiyasının mahiyyətinin aydın şəkildə öyrənilməsinə real zəmin yaradır.

Mərkəzin birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Buradakı ekspozisiya zalında Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı sənədlər böyük maraq doğurur. Fotostendlərdə Ümummilli Liderin uşaqlıq, yeniyetməlik, tələbəlik, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövr, hakimiyyətdə olduğu illərdə bölgələrə etdiyi səfərlər əks olunub. Bu fotolardan da görünür ki, Ümummilli Lider hər zaman əhalinin rifahını diqqət mərkəzində saxlayıb, onun regionlara səfərlərinin də əsas məqsədi ölkəmizdəki inkişafı hər bir soydaşımızın həyatına daxil etmək idi. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin tarixinin intensiv inkişaf mərhələsi olub. Respublikamızda mükəmməl idarəçilik məktəbini yaradan Heydər Əliyevin görkəmli ictimai-siyasi xadim kimi tanınmasında onun Azərbaycana, ölkəmizin timsalında regiona, nəticə etibarilə dünyaya sülh, sabitlik, davamlı inkişaf və harmoniya gətirməklə gördüyü böyük işlər mühüm rol oynayıb.

Məlumat verildi ki, Mərkəzdə gənclərin müasir texnoloji yeniliklərlə yaxından tanış olmalarına, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönələn kurslar təşkil ediləcək. Bunun üçün internet sinfi, elektron kitabxana və kompyuter mərkəzi qurulub. Məktəblilərin Azərbaycanın zəngin tarixini dərindən öyrənmələri üçün xüsusi dərnəklər də mövcuddur. Burada, həmçinin rəsm studiyası və xalçaçılıq kursları da fəaliyyət göstərəcək.