Xəbərlər
Baş katib Maykl Kristides: QDİƏT-ə sədrliyi dövründə əldə edilən irəliləyişlərə görə Azərbaycana təşəkkürümü bildirirəm
Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına altı aylıq sədrliyi müddətində QDİƏT məkanında təhlükəsiz, səmərəli nəqliyyat-tranzit xidmətlərinin göstərilməsi, kənd təsərrüfatının ixrac qabiliyyətinin artırılması və turizmin daha da inkişaf etdirilməsi ilə bağlı səmərəli müzakirələr aparılıb.
Bu fikri Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev dekabrın 14-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Maykl Kristides və Bolqarıstanın xarici işlər nazirinin müavini Emiliya Kralyova ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir müavini qeyd edib ki, QDİƏT bundan sonra da fəallıq nümayiş etdirməli, Avropa İttifaqı səviyyəsinə çatmalıdır. O, bu işin çətin olduğunu deyərək bununla bağlı işçi qrupun Avropa İttifaqı ilə əməkdaşlıq şəraitində çalışdığını bildirib. Nazir müavini bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.
Mahmud Məmməd-Quliyev vurğulayıb ki, QDİƏT çərçivəsində islahatlar aparılmalı, konkret prioritetlər müəyyənləşdirilməlidir.
Baş katib Maykl Kristides qeyd edib ki, 26 ildir fəaliyyət göstərən QDİƏT çərçivəsində dövlətlərarası əməkdaşlıq inkişaf etdirilir. Bu gün QDİƏT daha geniş sahədə fəaliyyət göstərir. Nəqliyyat, ticarət, cinayətkarlıqla birgə mübarizə, səhiyyə, kənd təsərrüfatı və başqa sahələrdə əməkdaşlıq inkişaf edir. “Azərbaycana təşəkkür edirəm ki, altı aylıq sədrlik dövründə bir sıra irəliləyişlər əldə etdi. Əminəm ki, bundan sonra da irəliləyişlərə nail olacağıq”, - deyə o əlavə edib.
QDİƏT-ə növbəti müddətdə sədrlik edəcək Bolqarıstanın xarici işlər nazirinin müavini Emiliya Kralyova qeyd edib ki, ölkəsi regional əməkdaşlığa böyük önəm verir. QDİƏT əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaradır. O bildirib ki, QDİƏT Avropa İttifaqı ilə əməkdaşlığını gücləndirəcək. Bolqarıstanın təşkilata sədrliyi dövründə bu məsələyə diqqət artırılacaq. Nazir müavini vurğulayıb ki, qarşıdakı dövr ərzində enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı, mədəniyyət və digər sahələrdə əlaqələr daha da inkişaf etdiriləcək.