YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı işə başlayıb

Dekabrın 14-də Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı işə başlayıb.

Konfransın açılışında çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov əvvəlcə Parlamentlərarası İttifaqın bu mötəbər toplantısı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbriklərini və xoş arzularını iştirakçılara çatdırıb. Sədr deyib ki, ötən yüzilliyin sonlarında bəşəriyyətin mövcudluğunu qorxu altına alan qlobal təhlükələrin hamılıqla dərk edilməsi dünya sivilizasiyasının inkişafının xarakterini dəyişdirməyə yönələn beynəlxalq səylərin artmasına gətirib çıxarıb. Bu gün bir çox tədqiqatçılar dayanıqlı inkişaf prinsiplərinə keçidi sosial mühəndisliyin xüsusi bir metodu və “ekoloji politologiya” adlandırırlar. Söhbət qloballaşmanın və böhranlı halların mənfi nəticələrini aradan qaldırmağa yönələn siyasi fəaliyyətdən və ekoloji tarazlığa nail olmaq yolu ilə dayanıqlı və təhlükəsiz inkişafı təmin etməkdən gedir. Nəticə etibarilə, bütün bunlar indiki və gələcək nəsillər üçün daha etibarlı, ədalətli və humanist bir dünya qurulmasına gətirib çıxarmalıdır. “Bu baxımdan inanıram ki, konfransın sessiyalarında aparılacaq fikir mübadilələri və müzakirələr dayanıqlı inkişafın təmin edilməsində gənclərin, xüsusən gənc parlament üzvlərinin rolunun gücləndirilməsi yollarını müəyyən etməyə imkan verəcək”, - deyə o əlavə edib.

Oqtay Əsədov bildirib ki, dünya əhalisinin mühüm hissəsini təşkil edən gənclər ən dinamik sosial qrup olaraq dayanıqlı inkişaf məqsədlərinin əldə edilməsinə dəyərli töhfələr verə bilərlər. Çox böyük intellektual potensialın daşıyıcısı olan gənclər bir çox ölkələrin siyasi, iqtisadi və sosial strukturlarında önəmli yer tutaraq müasir cəmiyyətin mənəvi inkişafının mühüm amili kimi çıxış edirlər. Sivilizasiyalar arasında qarşılıqlı əlaqələrin gücləndiyi dövrdə gənclər müxtəlif mədəniyyətlərə xas dəyərləri və yeni ideyaları daha tez mənimsəyirlər. Bununla əlaqədar xüsusi qeyd edilməlidir ki, bəşər sivilizasiyasının inkişafının müasir mərhələsində milli eqoizm və müstəsnalıq düşüncəsinin aradan qaldırılması, müharibə və zorakılıq fəlsəfəsinin sülh və əməkdaşlıq fəlsəfəsi ilə əvəz edilməsi üçün obyektiv imkanlar yaranıb. Yeni dünya nizamının formalaşmasında məhz gənclər həlledici rol oynamalıdırlar.

Milli Məclisin sədri deyib ki, bu gün Azərbaycan Respublikasında gənclər sosial, humanitar, iqtisadi və siyasi fəaliyyətə yaxından cəlb olunurlar. Gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Dövlətin yaratdığı geniş imkanlar sayəsində gənclər cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər.

Gənclərin Azərbaycan parlamentində də önəmli mövqelərə malik olduğunu söyləyən Milli Məclisin sədri bildirib ki, onlar qanunvericilik və qanunyaratma prosesi ilə bağlı gündəlik işlərlə yanaşı, beynəlxalq parlament təşkilatlarının fəaliyyətində də yaxından iştirak edirlər. Həmçinin Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün ağır nəticələri, ölkə ərazisinin 20 faizinin işğal edilməsi, 1 milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsi barədə məlumatları xarici ölkələrdən olan həmkarlarına çatdırmaq üçün bütün vasitələrdən istifadə edirlər. “Yeri gəlmişkən qeyd edim ki, beynəlxalq təşkilatlar bu münaqişəyə həsr olunmuş bütün qərarlarında Azərbaycan ərazilərinin işğalına son qoyulması zərurətinə istinad edirlər. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində, eləcə də 2008-ci ildə BMT Baş Məclisinin qətnaməsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilib. Bu sənədlərdə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı şəkildə təsdiqlənib”, - deyə parlament sədri vurğulayıb. O əlavə edib ki, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti və İslam Əməkdaşlıq Təşkilatı kimi digər beynəlxalq təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər. Sədr həm ölkəmizin, həm də bütövlükdə Cənubi Qafqaz bölgəsinin hərtərəfli inkişafına mane olan Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normaları və prinsipləri əsasında həll ediləcəyinə əminliyini bildirib.

Parlamentlərarası İttifaqın bu mötəbər toplantısının Bakıda keçirilməsinin ölkəmizin siyasi həyatında çox önəmli hadisə olduğunu diqqətə çatdıran sədr deyib: “İnanıram ki, qlobal konfransda 4 qitəni, 44 ölkəni təmsil edən gənc parlament üzvləri Şərq və Qərb dünyaları arasında körpü rolunu oynayan Azərbaycan haqqında dolğun məlumat alacaq, müxtəlif mədəniyyətlərin vətəni olan ölkəmizdən xoş təəssüratlarla ayrılacaqlar”.

Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron Bakının bu konfransa ev sahibliyi etməsinə görə Prezident İlham Əliyevə minnətdarlıq edib. O deyib ki, Azərbaycan gənclərlə bağlı və bu günün çağırışlarını qət etmək üçün yeni innovasiyalı həll yollarına dair təkliflər irəli sürür və onların həyata keçirilməsinə yaxşı şərait yaradır. Bu sahədə mövcud olan çağırışların aradan qaldırılması istiqamətində Azərbaycanda mühüm addımlar atılır.

Qabriela Kuevas Barron konfrans çərçivəsində aparılan müzakirələrin dünyadakı çağırışlara öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. “Bu gün dünyada gedən dəyişikliklər göstərir ki, bundan sonra torpaq, su, enerji resurslarına daha çox ehtiyac olacaq. Biz bilirik ki, iqlim dəyişikliyi nəticəsində qlobal temperatur 1,5 dərəcə artıb. Bu statistik məlumatları nəzərə almalı, ətraf mühitə yaranan təhdidlərin həyatımıza təsirlərini bilməliyik. Dünya əhalisi növbəti 40 il ərzində 60 faiz artacaq. Bu baxımdan ətraf mühitə olan təsirlər gələcəkdə vəziyyəti daha da çətinləşdirəcək, ərzaqla bağlı çətinliklər yaranacaq. Son bir neçə ildə altı milyard tona yaxın balıq ehtiyatı məhv olub. Buna görə də biz gələcəyimiz naminə seçimlərimizi doğru etməli, qərarlarımızı düzgün hesablamalıyıq”, - deyə o bildirib.

Parlamentlərarası İttifaqın Gənclər Forumunun sədri Mourine Osoru deyib ki, qəbul edilən siyasi qərarların gənclərə təsir göstərməsi təmin edilməlidir. Çünki onlar cəmiyyətin aparıcı qüvvələridir. O bildirib ki, gənclər səylərini birləşdirməli, təcrübələrini bölüşərək qlobal səviyyədə səslərini eşitdirməlidirlər. “Biz ikigünlük konfrans çərçivəsində gələcək addımlarımızı müəyyənləşdirməliyik. Dayanıqlılığın təşviqi, gələcək nəsillərin maraqlarının müdafiəsi mövzusunda keçirilən bu konfrans dialoq və məlumat mübadiləsi üçün yaxşı platformadır”, - deyə o bildirib.

Gənclərin parlamentdə iştirakçılığının artırılmasının vacibliyini qeyd edən Mourine Osoru bildirib ki, onlar dayanıqlı qərarlar qəbul edə bilmələri üçün səlahiyyətləndirilməlidir.

Gənclər və idman naziri Azad Rəhimov çıxışında Azərbaycanın gənclər siyasəti, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı barədə məlumat verib. Azərbaycanın gənc ölkə olduğunu söyləyən nazir deyib ki, bizim əhalinin 60 faizi 30 yaşdan aşağıdır. Bu isə əhalinin 3,2 hissəsi deməkdir. Nazir bildirib ki, ölkəmizdə 2001-ci ildə gənclərlə bağlı qanun qəbul edilib, 2007-ci ildə ona düzəlişlər edilib. Bundan əvvəl isə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılıb. 1996-cı il fevralın 2-də ölkəmizdə ilk Gənclər Forumu keçirilib. 2011-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Gənclər Fondu yaradılıb. 2015-ci ildən Milli Məclisdə gənclər və idman komitəsi fəaliyyət göstərir.

Nazir qeyd edib ki, Azərbaycanın dövlət büdcəsindən gənclər sahəsinə ayrılan vəsait 2003-cü ildən indiyədək 100 dəfə artırılıb. Son 10 il ərzində 41 gənclər mərkəzi yaradılıb, ölkədə gənclərlə bağlılığı olan 300-dən çox qeyri-hökumət təşkilatı var. Gənc sahibkarlar dəstəklənir və onların öz bizneslərini yaratmalarına lazımi kömək göstərilir. Eyni zamanda, Azərbaycan dövləti 2007-ci ildən bu günə kimi dünyanın 100 universitetində 3600-dən çox tələbənin təhsil alması üçün maliyyə yardımı göstərib. Azərbaycan gəncləri Avropa Şurası, BMT, Avropa İttifaqı və 30-dan çox beynəlxalq, humanitar təşkilatda təmsil olunurlar.

Sonra birgə foto çəkdirilib.

Konfransın “Planetimizin gələcək üçün mühafizəsi: ətraf mühitin qorunmasında gənclərin rolu” mövzusunda birinci sessiyasında Təbiət Qanunu Fondunun prezidenti Toni Oposa “Danışıq vaxtı bitdi: gələcək nəsillər üçün iqlim ədaləti” adlı videoməruzə ilə çıxış edib.

Sessiya panel-müzakirələrlə davam edir.