Xəbərlər
Oqtay Əsədov: Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir
Bu gün Azərbaycan Respublikasında gənclər sosial, humanitar, iqtisadi və siyasi fəaliyyətə yaxından cəlb olunurlar. Gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Dövlətin yaratdığı geniş imkanlar sayəsində gənclər cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər.
Bu sözləri Bakıda keçirilən Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransında çıxış edən Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov deyib.
Sədr Oqtay Əsədov əvvəlcə Parlamentlərarası İttifaqın mötəbər toplantısı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbriklərini və xoş arzularını tədbir iştirakçılarına çatdırıb. Milli Məclisin sədri deyib ki, ötən yüzilliyin sonlarında bəşəriyyətin mövcudluğunu qorxu altına alan qlobal təhlükələrin hamılıqla dərk edilməsi dünya sivilizasiyasının inkişafının xarakterini dəyişdirməyə yönələn beynəlxalq səylərin artmasına gətirib çıxarıb. Bu gün bir çox tədqiqatçılar dayanıqlı inkişaf prinsiplərinə keçidi sosial mühəndisliyin xüsusi bir metodu və “ekoloji politologiya” adlandırırlar. Milli Məclisin sədri deyib: “Söhbət qloballaşmanın və böhranlı halların mənfi nəticələrini aradan qaldırmağa yönələn siyasi fəaliyyətdən və ekoloji tarazlığa nail olmaq yolu ilə dayanıqlı və təhlükəsiz inkişafı təmin etməkdən gedir.
Nəticə etibarilə bütün bunlar indiki və gələcək nəsillər üçün daha etibarlı, ədalətli və humanist bir dünya qurulmasına gətirib çıxarmalıdır. Bu baxımdan inanıram ki, konfransın sessiyalarında aparılacaq fikir mübadiləsi və müzakirələr dayanıqlı inkişafın təmin edilməsində gənclərin, xüsusən gənc parlament üzvlərinin rolunun gücləndirilməsi yollarını müəyyən etməyə imkan verəcək”.
Oqtay Əsədov bildirib ki, dünya əhalisinin mühüm hissəsini təşkil edən gənclər ən dinamik sosial qrup olaraq dayanıqlı inkişaf məqsədlərinin əldə edilməsinə dəyərli töhfələr verə bilərlər. Çox böyük intellektual potensialın daşıyıcısı olan gənclər bir çox ölkələrin siyasi, iqtisadi və sosial strukturlarında önəmli yer tutaraq müasir cəmiyyətin mənəvi inkişafının mühüm amili kimi çıxış edirlər. "Sivilizasiyalar arasında qarşılıqlı əlaqələrin intensiv gücləndiyi dövrdə gənclər müxtəlif mədəniyyətlərə xas dəyərləri və yeni ideyaları daha tez mənimsəyirlər. Bununla əlaqədar xüsusi qeyd edilməlidir ki, bəşər sivilizasiyasının inkişafının müasir mərhələsində milli eqoizm və müstəsnalıq düşüncəsinin aradan qaldırılması, müharibə və zorakılıq fəlsəfəsinin sülh və əməkdaşlıq fəlsəfəsi ilə əvəz edilməsi üçün obyektiv imkanlar yaranmışdır. Yeni dünya nizamının formalaşmasında məhz gənclər həlledici rol oynamalıdırlar”, - deyə Oqtay Əsədov diqqətə çatdırıb.
Gənclərin Azərbaycan parlamentində də önəmli mövqelərə malik olduğunu söyləyən Milli Məclisin sədri bildirib ki, onlar qanunvericilik və qanunyaratma prosesi ilə bağlı gündəlik işlərlə yanaşı, beynəlxalq parlament təşkilatlarının fəaliyyətində yaxından iştirak edirlər. Həmçinin Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün ağır nəticələri, ölkə ərazisinin 20 faizinin işğal edilməsi, 1 milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsi barədə məlumatları xarici ölkələrdən olan həmkarlarına çatdırmaq üçün bütün vasitələrdən istifadə edirlər. “Yeri gəlmişkən qeyd edim ki, beynəlxalq təşkilatlar bu münaqişəyə həsr edilmiş bütün qərarlarında Azərbaycan ərazilərinin işğalına son qoyulması zərurətinə istinad edirlər. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə, eləcə də 2008-ci ildə BMT Baş Məclisinin qəbul etdiyi qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilib. Bu sənədlərdə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı şəkildə təsdiqlənib", - deyə parlament sədri vurğulayıb. Bildirib ki, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti və İslam Əməkdaşlığı Təşkilatı kimi digər beynəlxalq təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər. Sədr həm ölkəmizin, həm də bütövlükdə Cənubi Qafqaz bölgəsinin hərtərəfli inkişafına mane olan Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normaları və prinsipləri əsasında həll ediləcəyinə əminliyini ifadə edib.
Parlamentlərarası İttifaqın bu mötəbər toplantısının Bakıda keçirilməsinin ölkəmizin siyasi həyatında çox önəmli hadisə olduğunu diqqətə çatdıran parlament sədri deyib: “Mən inanıram ki, qlobal konfransda 4 qitəni, 44 ölkəni təmsil edən gənc parlament üzvləri Şərq dünyası ilə Qərb dünyası arasında körpü rolu oynayan Azərbaycan haqqında dolğun və ətraflı məlumat alacaq, müxtəlif mədəniyyətlərin vətəni olan ölkəmizdən xoş təəssüratla ayrılacaqlar”.