YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın və Moldovanın xarici işlər nazirlərinin görüşü olub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə işgüzar səfərdə olan Moldova Respublikasının xarici işlər və Avropa inteqrasiyası naziri Tudor Ulyanovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Elmar Məmmədyarov bu səfərin həyata keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirərək, onun ikitərəfli münasibətlərin geniş gündəliyi üzrə müxtəlif məsələlər ətrafında mövqelərin əlaqələndirilməsi üçün gözəl imkan yaratdığını qeyd edib.

Aparılan fikir mübadiləsi çərçivəsində tərəflər arasında siyasi-diplomatik, o cümlədən səfərlər mübadiləsinin davam etdirilməsi, beynəlxalq və regional əməkdaşlıq barədə ətraflı müzakirələr aparılıb.

İki ölkə arasında iqtisadi və ticarət sahəsində əməkdaşlığın təşviq edilməsinin vacibliyi qeyd edilib, onun keyfiyyət baxımından yeni, daha yüksək səviyyəyə qaldırılması məqsədilə, iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının təşkili, habelə ayrı-ayrı dövlət qurumları və işgüzar dairələri tərəfindən yerinə yetirilməli işlərin əlaqələndirilməsi perspektivləri müzakirə edilib. Logistika, sənaye, energetika və nəqliyyat sahələrində münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli əməkdaşlıq imkanlarının olduğu vurğulanıb.

Görüş əsnasında tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə diqqət ayıraraq bu xüsusda qarşılıqlı dəstək yanaşmasının mövcud olduğunu məmnunluqla qeyd ediblər.

Tərəflər dünyada cərəyan edən proseslərin tənzimlənməsi, o cümlədən mövcud münaqişələrin həlli baxımından beynəlxalq hüququn prinsiplərinə qeyd-şərtsiz riayət edilməsi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığının rəhbər tutulması üzrə dəyişməz mövqeyə sadiq qaldıqlarını bir daha vurğulayıblar.

Görüşdə, həmçinin ölkələr arasında müqavilə-hüquq bazasının genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı, o cümlədən qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq məsələlər müzakirə edilib.