YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir: Macarıstan "Cənub Qaz Dəhlizi"nə interkonnektorlar vasitəsilə birləşmək istəyir

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsi Macarıstan üçün enerji resursları mənbələrinin şaxələndirilməsi baxımından vacibdir.

Bunu Trend-ə müsahibəsində Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi deyib.

Səfir deyib: "Macarıstan üçün enerji təhlükəsizliyi prioritet məsələdir. Buna görə də biz fəal olaraq enerji resursları mənbələrinin şaxələndirilməsi imkanlarını axtarırıq, xüsusən də, təbbi qaz mənbələrinin. Azərbaycan qazı real alternativdir, buna görə də, o, diversifikasiya variantlarının baxılması zamanı diqqət mərkəzində olacaq. "Cənub Qaz Dəhlizi" bizim üçün enerji resursları mənbələrinin və tədarük maşrutlarının şaxələndirilməsi baxımından vacibdir, bu səbəbdən də biz bu layihəni yaxşı bir variant kimi qiymətləndiririk".

Sederkenyi qeyd edib ki, Macarıstan Azərbaycanın - bu böyük layihəyə təkan verən və boru kəmərini qazla dolduracaq ölkənin rolunu yüksək qiymətləndirir: "Hal-hazırda məqsədlərdən biri Macarıstanın "Cənub Qaz Dəhlizi" ilə regionumuzun ölkələri arasında olan interkonnektorlar vasitəsilə birləşməsidir. Transadriatik (TAP) və Transanadolu (TANAP) boru kəmərləri vasitəsilə Azərbaycan qazı Avropa bazarlarında satışa çıxarılacaq, və bu çox gözəl xəbərdir".

Səfir həmçinin deyib ki, "Cənub Qaz Dəhlizi" strateji əhəmiyyət daşıyır: "Tək Macarıstan deyil, bütün Avropa ölkələri, tədarük mənbələrinin şaxələndirilməsində maraqlıdır, bu layihəyə qiymət verirlər. "Cənub Qaz Dəhlizi" Avropaya təbii qaz mənbələrini və nəqliyyat marşrutlarını şaxələndirməyə, həmçinin Cənub-Şərqi Avropada enerji balansını dəyişməyə imkan yaradacaq. Bu da Avropa enerji bazarını daha da açıq edəcək və rəqabəti gücləndirəcək".

Diplomatın sözlərinə görə, "Cənub Qaz Dəhlizi"nin gələcəkdə yeni mənbə ölkələr və alıcılar hesabına ötürmə qabiliyyətinin genişlənməsi çox böyük əhəmiyyət daşıyır.

"Bundan başqa, "Cənub Qaz Dəhlizi" layihəsinin uğurlu təcrübəsi alternativ energetika, ekoloji problemlərin həlli və s. kimi digər sahələrdə əməkdaşlıqlarda da istifadə oluna bilər", deyə səfir əlavə edib.