Xəbərlər
Eldar İbrahimov: Uğurlu siyasət nəticəsində Azərbaycanın dünyada dostlarının və tərəfdaşlarının sayı daha da artır
“Azərbaycan özünün xarici siyasəti milli maraqlar əsasında qurub. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurub. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Cənab Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri də Azərbaycanın beynəlxalq miqyasda mövqelərinin güclənməsini, ayrı-ayrı dövlətlərə əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə xidmət edir”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, Prezident İlham Əliyevin bu günlərdə Belarusa və Türkmənistana rəsmi səfərləri də bu kontekstə böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, dövlət başçısının səfərləri hər iki ölkə ilə Azərbaycanın münasibətlərinin daha da inkişafına böyük təkan verəcək: “Azərbaycanın xarici siyasətində Belarus Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. İki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinin inkişafı baxımından müstəsna əhəmiyyətə malikdir. Səfər nəticəsində iki ölkə arasında kənd təsərrüfatı, iqtisadiyyat, hərbi-texniki, sosial-müdafiə, hüquq-mühafizə və digər sahələri əhatə edən 9 sənəd imzalanıb. Şübhəsiz ki, ən vacib sənəd dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası Prezidenti və Belarus Respublikası Prezidentinin Birgə Bəyanatı”dır. Bəyanatda Azərbaycan Respublikası və Belarus Respublikasının strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hərtərəfli əməkdaşlıq çərçivəsində bir-biri ilə əlaqələri inkişaf etdirdikləri diqqətə çatdırılıb. Sözügedən bəyanatda, həmçinin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri əsasında həllinin vacibliyi qeyd olunub.
Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində dövlət başçıları arasında səmimi dostluq, qarşılıqlı etimad və dialoqun mühüm rol oynadığını qeyd edən komitə sədri deyib: “Azərbaycan ilə Belarus arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq mövcuddur. Eyni zamanda, ticari-iqtisadi sahədə yaxşı perspektivlər və nəticələr var. Əmtəə dövriyyəsinin artımı da xüsusi vurğulanmalıdır”.
Azərbaycan Prezidentinin Türkmənistana səfərinin əhəmiyyətindən də danışan E.İbrahimov bildirib ki, hər iki ölkənin xalqları dərin tarixi köklərə, dil, din birliyinə və dəyərlərə sahibdir. Onun sözlərinə görə, son illər Azərbaycanla Türkmənistan arasında münasibətlərin inkişafı yönündə vacib addımlar atılıb. Ötən il Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfər etdiyini xatırladan YAP İdarə Heyətinin üzvü həmin səfər zamanı qarşılıqlı əlaqələrin genişləndirilməsi ilə bağlı vacib müzakirələrin aparıldığını qeyd edib.
E.İbrahimov söyləyib ki, Prezident İlham Əliyevin bugünlərdə Türkmənistana rəsmi səfəri zamanı 20-dən çox sənədin imzalanması da əlaqələrin uğurlu perspektivindən xəbər verir: “Hər iki ölkə tarixi İpək Yolunun üzərində yerləşir. Səfər zamanı əsas müzakirə mövzularından biri məhz nəqliyyat dəhlizləri, bu sahədə əməkdaşlıq və loqistika məsələləri olub. Müzakirələrdə nəqliyyat-tranzit dəhlizlərinin və düzgün logistikanın tərtib olunması məsələlərinə toxunulub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, gələcək qarşılıqlı fəaliyyətimiz, Türkmənistanla Azərbaycan arasında ənənəvi qardaşlıq münasibətlərinin möhkəmlənməsi üçün böyük əhəmiyyət kəsb edəcək, regionumuzun ölkələri arasında yeni daha yaxşı şərait yaradacaq. Hesab edirəm ki, dövlətimizin başçısının Türkmənistana səfəri əlaqələrimizin inkişafına böyük təkan verəcək”.
E.İbrahimov bildirib ki, bütövlükdə, həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanın dünyada dostlarının və tərəfdaşlarının sayı daha da artır.