Xəbərlər
Azərbaycanın və Türkiyənin xarici işlər nazirlərinin görüşü olub
Azərbaycanın, Gürcüstanın və Türkiyənin xarici işlər nazirlərinin İstanbulda keçirilən 7-ci Üçtərəfli Görüşü çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə iki dost və qardaş dövlət arasında əməkdaşlığın bütün sahələrdə və müxtəlif formatlarda yüksək səviyyəli inkişafından, siyasi əlaqələrin strateji müttəfiqlik səviyyəsindən məmnunluq ifadə edilib. Nazirlər strateji tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini qeyd ediblər.
Tərəflər hər iki ölkənin iştirakı ilə həyata keçirilən mühüm enerji, nəqliyyat, tranzit, logistika və digər layihələr ətrafında fikir mübadiləsi aparıblar. Nazirlər Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinin regionun inkişafına, insanlararası təmasların və ticarət dövriyyəsinin artmasına mühüm töhfə verəcəyinə əminliklərini bildiriblər. Azərbaycanın və Türkiyənin təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional layihələrin Asiya ilə Avropa arasında rəqabətədavamlı daşımaları asanlaşdıracağı xüsusi qeyd edilib.
Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verən nazir Elmar Məmmədyarov Azərbaycanın substantiv danışıqlara hazır olduğunu bildirib. Nazir E.Məmmədyarov BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə zidd olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun bütün region üçün ciddi təhlükə mənbəyi olduğunu vurğulayıb.
Görüşdə, həmçinin elm, təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.