Xəbərlər
Eldar İbrahimov: Ermənistanın ATƏT-in prinsiplərinə xələl gətirən hüquqazidd hərəkətlərinin qarşısının alınması vaxtı yetişib
«ATƏT Parlament Assambleyasının payız sessiyasında Azərbaycan nümayəndə heyəti olaraq ölkəmizin prinsipial mövqeyini bir daha səsləndirdik. Onu da qeyd etdik ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində indiyə kimi flora və faunanı məhv edir, torpağı, suyu və havanı toksiki və sənaye tullantıları ilə çirkləndirir». Bu fikirləri Milli Məclisin komitə sədri, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, Ermənistan nəzarətsiz qalan bu ərazilərdən köhnəlmiş “Metsamor” Atom Elektrik Stansiyasının tullantılarını basdırmaq və narkotiklər yetişdirmək üçün istifadə edir. Bununla da Ermənistan regionun iqtisadi və ekoloji təhlükəsizliyinə böyük ziyan vurur.
«Hesab edirəm ki, Ermənistanın ATƏT-in prinsiplərinə xələl gətirən hüquqazidd hərəkətlərinin qarşısının alınması vaxtı yetişib və bu məsələdə ATƏT Parlament Assambleyası özünün konkret sözünü deməlidir. Çünki iqtisadi və ekoloji təhlükəsizlik sahəsində hərtərəfli əməkdaşlığın inkişafı üçün yalnız daxili münaqişələrin yox, həm də ATƏT-də mövcud olan dövlətlərarası münaqişələrin həll olunmasının əhəmiyyətini başa düşməkdə bu məsələlərin böyük əhəmiyyəti var»- deyə, E.İbrahimov vurğulayıb.