Xəbərlər
Elman Nəsirov: Almaniya Avropanın ən güclü dövlətidir və bu səfər ikitərəfli münasibətlərdə yeni səhifə açacaq
“Almaniyanın Federal Kansleri Angela Merkelin Cənubi Qafqaza səfəri hər üç ölkədə tarixi səfər kimi qiymətləndirilib. Çünki söhbət Avropa İttifaqının lokomotiv dövlətindən gedir”. Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, Almaniya Avropanın ən güclü dövlətidir və bu səfər ikitərəfli münasibətlərdə yeni səhifə açacaq. Onun sözlərinə görə, Azərbaycan alternativ enerji mənbəyi kimi çıxış edir və Cənub Qaz Dəhlizi bu prosesdə mühüm hadisədir. Almaniya isə bunun genişlənməsində maraqlıdır.
«ATƏT-in Minsk qrupunda həmsədrlik institutu yaradılarkən Azərbaycan israrla Almaniyanın həmsədr ölkə olmasını istəyirdi. Ermənistan isə buna etiraz etdi və veto hüququndan istifadə etdi. Şübhəsiz ki, Almaniyada bunu unutmayıblar. Təbii ki, Almaniya qonşuluğunda müharibə olmasını istəməz və münaqişənin tənzimlənməsində maraqlıdır. Avropa İttifaqından Fransa bu prosesdə iştirak edir. Avropa İttifaqının əsas güc mənbəyi olan Almaniya kimi bir dövlətin sadəcə olaraq, Minsk qrupunun üzvü olması məncə, azdır. Bu, onun prosesə dəstək verməsini, real kömək etməyini, fəal iştirakını məhdudlaşdırır»-deyə, deputat qeyd edib.