YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ekspert: Strategiya ölkədə xarici borcun tənzimlənməsi və idarə edilməsi baxımından ciddi bir baza formalaşdırır

“Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sı ölkədə xarici borcun tənzimlənməsi və idarə edilməsi baxımından ciddi bir baza formalaşdırır. Bu fikirləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, strategiya borcların idarə edilməsi üçün hazırlanmış mühüm sənəddir. Onun sözlərinə görə, strategiyada 3 istiqamət üzrə hədəflər müəyyənləşdirilib: dayanıqlı və idarəolunan dövlət borcunun səviyyəsinin müəyyənləşdirilməsi; risklərin idarəedilməsi sisteminin təkmilləşdirilməsi; dövlət borcalmaları üzrə infrastrukturun və nəzarət mexanizminin gücləndirilməsinə nail olunması. İndiki dövrdə və xarici şokların hər zaman aktiv olduğu vaxtda dövlət borcu səviyyəsinin dayanıqlı və idarəedilən səviyyədə olması çox vacibdir: «Strategiyaya uyğun olaraq Azərbaycanda xarici borc səviyyəsinin tənzimlənməsi və 2025-ci ilədək xarici borc səviyyəsinin məhz tənzimlənən həddə qədər azaldılması nəzərdə tutulur. Həmçinin ümumi dövlət borcunun, həm də xarici borcun səviyyəsi proqnozlaşdırılır. Belə ki, 2025-ci ildə Azərbaycanda xarici dövlət borcunun məbləğinin 2018-ci illə müqayisədə 9,7 milyard dollardan 6,5 milyard dollaradək azalması nəzərdə tutulur. Bu, ÜDM-də borc səviyyəsinin 22,5 faizdən 12 faizədək azalması deməkdir. Bu isə ondan xəbər verir ki, xarici borcun ÜDM-də səviyyəsi 2025-ci ildə indiki səviyyə ilə müqayisədə faiz nisbətində 2 dəfəyə yaxın azalacaq. Bu da dayanıqlı xarici borca nail olunması baxımından əhəmiyyətlidir. Eyni zamanda, xarici dövlət borcunun xidmət xərclərinin azaldılması əsas hədəflərdən biridir. Nəzərə alsaq ki, bu il xarici dövlət borcunun xidmət xərclərinin məbləği 1 milyard 241,7 milyon dollar təşkil edirsə, 2025-ci ildə bu məbləğin 820,3 milyon dollaradək azalması proqnozlaşdırılır. Eləcə də, bunun büdcə xərclərində payı 10,1 faizdən 6,2 faizə qədər azalacaq».

Ekspert qeyd edib ki, daxili dövlət borcunun tənzimlənməsi və bu istiqamətdə proqnozlar birmənalı şəkildə təqdim olunur. Daxili dövlət borcları xarici dövlət borclarına nisbətən, xüsusən milli valyutada olduğuna görə, onların dayanıqlılığını təmin etmək daha asandır, lakin xarici borcların tənzimlənməsi daha vacibdir. Xarici borcların tərkibində valyuta strukturunun tənzimlənməsi də əsas hədəflərdəndir. Bu hədəflərə nail olunması üçün xüsusən dönərli valyutaya cəlb edilən xarici borcların məbləğinin də azaldılması əsas hədəflərdən biri kimi proqnozlaşdırılır. Həmçinin Strategiya riskləri müəyyənləşdirilir və həmin risklərin aradan qaldırılması ilə bağlı strateji hədəflərin həyata keçirilməsini təqdim edir.

«Bütövlükdə strategiya Azərbaycanda xarici borcun tənzimlənməsi və idarə edilməsi baxımından ciddi bir baza formalaşdırır. Strategiyanın qəbul edilməsi və icrası imkan verəcək ki, Azərbaycan növbəti illərdə xarici borcun tənzimlənməsi və xarici borcun idarəolunan səviyyədə qorunub saxlanmasına nail ola bilsin. Bu da təbii ki, dayanıqlı inkişafın qorunub saxlanması baxımından vacibdir. Bu, xüsusən də ortamüddətli dövrdə Azərbaycana dayanıqlı idarəolunan xarici borca sahib olmaqla xarici riskləri ciddə şəkildə minimumlaşdıra bilməsinə imkan verəcək»-deyə, V.Bayramov vuruğlayıb.