Xəbərlər
Hyustonun Azərbaycan icması yerli sinaqoqa kömək edib
İsraildə çıxan “Haaretz” qəzetində “Harvi qasırğasından bir il sonra Hyustonun yəhudi icması hələ də sarsıntı içindədir” sərlövhəli məqalə dərc edilib.
Məqalədə 2017-ci ildə Hyuston şəhərinin məruz qaldığı faciəli təbii fəlakətin nəticələrindən, şəhərin yəhudi icmasının üzləşdiyi çətinliklərdən və onlara kənardan göstərilən maliyyə yardımından, o cümlədən İsraildən və Hyustonun Azərbaycan icmasından daxil olmuş ianələrdən bəhs edilir. Qeyd olunur ki, Harvi qasırğası bu şəhərin yəhudi icmasının üzvlərinə məxsus 2 minə yaxın evi yerlə-yeksan edib.
Müəlliflər yazırlar ki, İsrail tarixində ilk dəfə bu dövlətin hökuməti ABŞ-dakı hər hansı icmanın üzləşdiyi fəlakətə görə ona 1 milyon dollar yardım ayırıb. Maliyyə yardımı Hyustondakı beş yəhudi təşkilatına göndərilib. Məqalədə daha sonra qeyd olunur ki, Hyustonun mühafizəkar mövqeli Bet Yeşurun sinaqoquna 2 minə yaxın üzvü olan Azərbaycan icmasından 30.000 dollar məbləğində ianə verilməsi böyük heyrət doğurub.
Məqalənin müəllifləri Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova ilə görüşüb bu sinaqoqa maliyyə yardımı barədə söhbət ediblər. İ.Axundova vurğulayıb ki, “bu sinaqoq insanlar üçün çox yaxşı işlər görüb”. O daha sonra bildirib ki, başçılıq etdiyi təşkilat gələn ilə kimi sinaqoqla birgə konsert təşkil etməyi planlaşdırır. Bu konsert sülh və həmrəylik rəmzi olacaq.
Xatırladaq ki, keçən il avqustun 26-da Hyustonu öz cənginə almış, dördüncü kateqoriyaya adi edilən Harvi tropik qasırğası 2005-ci ildə baş vermiş Katrin qasırğasından sonra Meksika körfəzində ən güclü qasırğa hesab edilir. Qasırğanı müşayiət edən leysan yağışları Texasın cənub-şərq hissəsində fəlakətli daşqınlara səbəb olub. Nəticədə minlərlə ev dağılıb, 83 nəfər həlak olub, Texas ştatının iqtisadiyyatına ciddi ziyan vurulub.