Xəbərlər
Xanhüseyn Kazımlı:Beynəlxalq hesabatlarda ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı dəyərləndirmələr kifayət qədər müsbətdir
«Ölkəmizin nümunəvi inkişaf modeli bütün dünyada maraqla izlənilir. Bunu nüfuzlu beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrindən də görmək mümkündür». Bu fikri Milli Məclisin deputatı Xanhüseyn Kazımlı deyib.
X.Kazımlı bildirib ki, bu günlərdə Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutunun, eləcə də “Standard & Poor’s” və “Fitch Ratings” reytinq agentliklərinin hesabatlarında ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı dəyərləndirmələr kifayət qədər müsbətdir. Hər üç qurumun hesabatı respublikamızda həyata keçirilən sosial-iqtisadi siyasətin səmərəliliyini təsdiqləyir.
«Ölkəmizin uğurlarını təqdir edən beynəlxalq reytinq agentlikləri heç də yuxarıda sadalananlarla yekunlaşmır. Belə ki, nüfuzlu Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan mövqeyini daha iki pillə yaxşılaşdıraraq 35-ci yerdə qərarlaşıb və MDB məkanında liderlik mövqeyini yenə də qoruyub saxlayıb. Eyni zamanda, respublikamız yenə Davos Forumunun dəyərləndirməsinə görə inkişaf etməkdə olan ölkələr sırasında inklüziv inkişaf indeksi üzrə üçüncü yeri tutur ki, bu da böyük uğurdur. Öz növbəsində Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər nüfuzlu beynəlxalq qurumlar da respublikamızın perspektiv inkişafı ilə bağlı müsbət proqnozlar ifadə ediblər. Azərbaycanın həyata keçirdiyi siyasətin və qazanılan uğurların beynəlxalq miqyasda yüksək qiymətləndirilməsi son dərəcə qürurverici haldır. Bu, o deməkdir ki, dünyada ölkəmizə inam getdikcə daha da güclənir»-deyə, deputat qeyd edib.