Xəbərlər
Eldəniz Səlimov: Sənaye sektorunun inkişafının iqtisadi önəmi ilə yanaşı, sosial əhəmiyyəti də kifayət qədər böyükdür
«Hazırki şəraitdə hər bir ölkənin ümumi iqtisadi potensialı digər parametrlərlə yanaşı, sənayenin inkişafı ilə ölçülür. Güclü sənaye potensialına malik olan ölkələr həm daxili tələbatlarını yerli istehsal hesabına ödəyərək maliyyə vəsaitlərini qoruyurlar, həm də xarici bazarlarda böyük həcmlərdə məhsullarla təmsil olunaraq özlərinə valyuta axınını təmin edirlər». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.
E.Səlimov bildirib ki, sənaye sektorunun inkişafının iqtisadi önəmi ilə yanaşı, sosial əhəmiyyəti də kifayət qədər böyükdür. Belə ki, yüksək əmək tutumuna malik sənaye istehsalatları əhalinin məşğulluğunun təmin olunmasında və beləliklə də, yoxsulluğun aradan qaldırılmasında mühüm rol oynayırlar.
«Ölkədə qeyri-neft sənayesinin inkişafında son illərdə bütün respublika boyu yaradılan müasir infrastruktur fundamental amillərdən biri qismində çıxış edir. Sənaye inkişafını güclü infrastruktur təminatı olmadan təsəvvür etmək mümkün deyil. Son illərdə əsaslı dövlət vəsaiti qoyuluşu hesabına Azərbaycan infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri səviyyəsinə yüksəlib ki, bunun da sayəsində respublikamızda sənaye quruculuğu üçün geniş perspektivlər açılıb. Respublikamızda müasir çağırışlar nəzərə alınmaqla qeyri-neft sənayesinin inkişafına göstərilən diqqət öz bəhrəsini verir. Əlamətdar haldır ki, son illərdə Azərbaycanda ən yaxşı inkişaf göstəriciləri məhz qeyri-neft sənayesində qeydə alınır»-deyə, deputat qeyd edib.