Xəbərlər
Kamran Əliyev: 28 nəfər vəzifəli şəxs korrupsiya ilə əlaqədar intizam məsuliyyətinə cəlb edilib
28 nəfər vəzifəli şəxs korrupsiya ilə əlaqədar intizam məsuliyyətinə cəlb edilib.
Bunu Azərbaycan Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qurum tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2018-ci ilin I yarısında görülmüş işlərlə bağlı mətbuat konfransında deyib.
K.Əliyev bildirib ki, həmin müddət ərzində Baş İdarə tərəfindən vətəndaşların 3874 müraciətinə baxılıb, həmçinin 126 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 82-si (65%) üzrə cinayət işi başlanıb, 44 (35%) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 28 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib.
Baş İdarəsinin rəisi qeyd edib ki, ötən dövrdə Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 4, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında isə 5 cinayət işi başlanıb:
“Korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətləri və hüquqpozmalarının yayıldığı sahələrin müəyyənləşdirilməsinə diqqət artırılmaqla preventiv tədbirlərin təsir gücü məhz bu istiqamətlərə yönəldilməsi son illərin təcrübəsi ilə bir daha öz təsdiqini tapmaqdadır. Belə ki, əvvəlki dövrlərdə olduğu kimi cari dövr ərzində də, Baş İdarə korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib, 13 xüsusat üzrə inzibati pozuntu aşkar edildiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 54, 192.1 və 198.0.1-ci maddələrinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilib, araşdırılması üçün aidiyyəti üzrə müvafiq qurumlara göndərilmiş müraciətlər üzrə aparılmış xidməti yoxlamalar nəticəsində isə vəzifəli şəxslərin hərəkətlərində aşkar edilmiş cinayət xarakterli olmayan hüquqpozmalar üzrə 10 vəzifəli şəxsə xəbərdarlıq, 8 vəzifəli şəxsə töhmət, 2 vəzifəli şəxs şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb edilib, 3 nəfər isə vəzifəsindən azad edilib”.
K.Əliyev vurğulayıb ki, habelə araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha təkrar törədilməməsi üçün müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 47 təqdimat göndərilib.