YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sergey Markov: Hazırda Moskva ilə Bakı arasında əlaqələr çox fəal inkişaf edir

Hazırda Moskva ilə Bakı arasında əlaqələr çox fəal inkişaf edir. Bu inkişafın əsası bir çox cəhətdən Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ötən ilin avqustunda Azərbaycana tarixi səfəri zamanı qoyulub. Həmin səfər zamanı Rusiya Prezidenti Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsində çox maraqlı olduğunu bildirib. Bu, son dərəcə əhəmiyyətli məqam idi. Bizim üçün bu dinamikanı itirməmək, onu inkişaf etdirmək vacibdir.

Bu sözləri oktyabrın 1-də Bakıda mətbuat konfransında tanınmış Rusiya politoloqu, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov səsləndirib.

Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına yol tapması üçün infrastrukturun yaradılması məsələsini ciddi müzakirə etmək vaxtının çatdığını bildirən S.Markov deyib: “Rusiya ərazisində Azərbaycanın logistika mərkəzləri yaradılmalıdır ki, Rusiyanın topdan satış ticarətçiləri kənd təsərrüfatı məhsullarını Azərbaycan ərazisində deyil, həmin mərkəzdən alsınlar. Bundan əlavə, Rusiya bazarlarının Azərbaycanın kənd təsərrüfatı məhsulları ilə təchizatının davamlılığını yetərincə uzun müddət təmin etmək lazımdır. Azərbaycanın kənd təsərrüfatı məhsulları istehsalçıları Rusiya bazarında boşalan yerləri indi tutsalar, həmin yerlər artıq Azərbaycanın olacaq”.

Moskva meri Sergey Sobyaninin bu yaxınlarda Bakıya səfəri məsələsinə toxunan Rusiya diplomatı bildirib ki, səfər Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya göndərilməsi məsələlərinin müzakirəsinə həsr olunub. Rusiya politoloqu deyib: “Moskva merinin qeyd etdiyi kimi, paytaxt bazarı Azərbaycandan idxal olunan məhsulların həcmini 300 faiz artırmaq iqtidarındadır. Azərbaycandan kənd təsərrüfatı məhsullarının idxalı 80 faiz , subtropik bitkilərin idxalı isə 100 faizdən çox artırılacaq”.

S.Markov Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin bu yaxınlarda Azərbaycana səfəri ilə bağlı bildirib ki, Azərbaycan-Rusiya münasibətlərinin inkişafı üçün xeyli işlər görülüb. Siyasi Araşdırmalar Mərkəzinin direktoru fikrini belə yekunlaşdırıb: “Vladimir Jirinovski Azərbaycana münasibətdə tənqidi mövqedə dayanmışdı. Düşmənin dosta çevrilməsi parlaq dəyişikliklərə dəlalət edir. Onun öz mövqeyini dəyişməsi Azərbaycana münasibətin yaxşı istiqamətdə dəyişməsi deməkdir. Mən özüm ona Azərbaycana münasibəti dəyişməyi məsləhət görmüşəm”.