Xəbərlər
Azərbaycan-Braziliya əlaqələrinin inkişafı məsələləri müzakirə olunub
Oktyabrın 1-də Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov ölkəmizdə səfərdə olan Braziliya xarici işlər nazirinin əməkdaşlıq, mədəniyyət və ticarətin təşviqi məsələləri üzrə müavini Hadil Fontes da Roşa Vianna ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə X.Xələfov Azərbaycan ilə Braziliya arasında əlaqələrin mövcud səviyyəsinin məmnunluq doğurduğunu qeyd edib, mədəniyyət, humanitar və iqtisadi sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu diqqətə çatdırıb. O, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq etdiyini söyləyib.
Artıq ikinci dəfə Azərbaycana səfər etdiyini bildirən Hadil Fontes da Roşa Vianna ölkələrimiz arasında münasibətlərin inkişafında səfirliklərin rolunu yüksək qiymətləndirib. İqtisadi böhrana baxmayaraq Azərbaycan ilə Braziliya arasındakı ticarət dövriyyəsinin həcminin artdığını deyən qonaq ölkəmizin Braziliyanın etibarlı tərəfdaşı olduğunu bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar haqqında danışan X.Xələfov münaqişənin regionda sülhə və təhlükəsizliyə ciddi təhdid olduğunu qeyd edib. O, münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin tələblərinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini vurğulayıb.
Nazir müavini Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən müxtəlif irimiqyaslı layihələr haqqında məlumat verərək, bu layihələrin region dövlətləri arasında əməkdaşlığın inkişafında və ticarət dövriyyəsinin artmasında rolunu diqqətə çatdırıb.
Hadil Fontes da Roşa Vianna Braziliyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ tərəfindən qəbul olunmuş qətnamələri dəstəklədiyini bildirərək, münaqişənin dialoq və qarşılıqlı anlaşma əsasında sülh yolu ilə həll olunmasının vacibliyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.