YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Azərbaycan xalqı bu sınaqdan da uğurla çıxdı

«Kiçik bir iğtişaşçı qrupun, dini radikal qruplaşma üzvlərinin Gəncə şəhərinin mərkəzində törətdikləri cinayət  adi cinayət deyil. Bunlar birbaşa terror əməli kimi qiymətləndirilməlidir. Bu cinayəti törədənlərin bütün hərəkətləri siyasi motivlidir. Bu motiv ilk növbədə hakimiyyət, ölkədə təhlükəsizlik və sabitlik əleyhinə yönəlib». Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, radikal dini ünsürlərin həm minimum, həm də maksimum proqramları olub. Onun fikrincə, minimum proqramlarına ilk növbədə Gəncədə sabitliyi pozmaq, təhlükəsizlik mühitini aradan qaldırmaq, vətəndaş itaətsizliyinə nail olmaq və nəticədə Gəncəni xaosa sürükləmək daxildir. Maksimum proqramları isə Gəncədəki hadisələri ölkənin digər bölgələrinə transfer etmək, son nəticədə paytaxt Bakıda analoji hadisələr həyata keçirməklə bütün ölkədə xaos yaratmaqdan ibarət ola bilər.

«Hər bir planın icraçıları olduğu kimi, onun təşkilatçıları da olur. Təşkilatçılar isə xaricdə olan ermənipərəst, erməni siyasi mərkəzlərindən idarə olunan, islamofob qüvvələrdir. Onlar Azərbaycanın sürətlə inkişaf etməsini, inkişaf etmiş dövlətlər sırasına daxil olmaq istəməsini, islam həmrəyliyinin formalaşmasına töhfələr verməsini həzm edə bilmirlər. Çünki bu gün Azərbaycan müsəlman aləmində bir sabitlik adasına çevrilib və bununla da islamofob qüvvələrin müsəlman dünyası haqqında mənfi imic formalaşdırmasına mane olur. Bütün bunları həzm edə bilməyən qaragüruhçu qüvvələr ilk növbədə Azərbaycanın qədim şəhəri, dövlətçilik ənənələri, Azərbaycan tarixində müstəsna yeri olan və fəxrlə yüz illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olan Gəncə şəhərində bu iğtişaşları törədərək, ictimai asayişi pozaraq, Azərbaycanın digər ərazilərində domino effektinə nail olmaq istəyirdilər. Lakin onların bu niyyətləri gözündə qaldı, ünvanı səhv saldılar. Azərbaycan xalqı bu sınaqdan da uğurla çıxdı. Bir daha məlum oldu ki, güclü xalq-hakimiyyət birliyi var. Xalq bu qüvvələrə “yox” dedi, qeyri-qanuni hərəkətlərə öz etirazını bildirdi. Bu qaragüruhçu qüvvələr xalqın ciddi qınaq obyektinə çevrildi. Təəssüf ki, bu hadisələrdə iki yüksək rütbəli polis zabiti qətlə yetirildi, onlar şəhidlik zirvəsinə yüksəldilər. Bir daha məlum oldu ki, bu dövlətimizin keşiyində dayanan Azərbaycan xalqı, Azərbaycan polisi, qəhrəman oğullarımız sabitliyimiz, təhlükəsizliyimiz, dövlətçiliyimiz naminə öz canlarından keçməyə hazırdırlar»-deyə, deputat vurğulayıb.