YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akademik İsa Həbibbəyli: Azərbaycan dövləti sabitliyin möhkəm və etibarlı qarantıdır

Müasir, müstəqil Azərbaycanın inkişafının ən mühüm amillərindən biri, daha doğrusu, birincisi ölkədə dövlət səviyyəsində ictimai-siyasi sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsidir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sabit ictimai-siyasi mühit Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasət nəticəsində daha da möhkəmləndirilərək böyük inkişafa geniş meydan açıb. Ona görə də, ictimai-siyasi sabitlik müstəqil Azərbaycan dövlətinin ən mühüm nailiyyəti deməkdir və qazanılan böyük uğurların əsasını təşkil edir.

Son günlərdə Gəncədə baş verən hadisələr, ölkəmizdə ictimai-siyasi sabitliyin pozulmasına yönəldilib. Sabitliyin hədəfə alınması, çaşqınlıq, xaos yaratmaq və pozuculuq cəhdləri müstəqil dövlətimizin inkişafını gözü götürməyən, buna dözə bilməyən qüvvələrin məqsədyönlü niyyətlərinin ifadəsidir. İndi düşmən qüvvələr qatilləri, terrorçuları din qəhrəmanı kimi qələmə verməyə çalışırlar. Amma unudurlar ki, ölkəmizdə din-dövlət münasibətləri yüksək səviyyədə tənzimlənir. Azərbaycan multikultural və tolerant ölkədir.

Bu fikirləri iyulun 10-da Gəncədə baş verən hadisələrə münasibət bildirən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli söyləyib.

Akademik deyib ki, Gəncə hadisələrində polisin hədəf kimi seçilməsi də təsadüfi deyil. Çünki Azərbaycan polisi müstəqilliyimizin bütün inkişaf mərhələlərində dövlətimizə sədaqətlə xidmət edib. Bu gün Azərbaycan polisinə əl qaldırmaq, atəş açmaq sabitliyin əsas təminatçısı olan polisimizi sarsıtmaq, ictimai rəydə bu inzibati orqanın gücü haqqında formalaşmış müsbət imici aşağılamaq məqsədi daşıyır. Hadisə nə qədər ağır olsa da, sınaqlardan çıxmış Azərbaycan polisini və xalqın ona münasibətini sarsıda bilməz. Ən başlıcası isə Azərbaycan xalqı Prezident İlham Əliyevin apardığı siyasəti ürəkdən dəstəkləyir və müdafiə edir. Sözün həqiqi mənasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqil dövlətimizdə möhkəm sabitliyin, ədalətin və inkişafın qüdrətli təminatçısı və qarantıdır. Xalqımız, o cümlədən ziyalılarımız belə məsuliyyətli günlərdə dövlət rəhbərimizin ətrafında daha sıx birləşirlər. Bu gün ölkəmizdə möhkəm birlik və sabitlik hökm sürür. Dövlətimiz ölkəmizdə hər cür sabitliyi və normal həyat tərzini təmin edib. Bu, bizim böyük sərvətimizdir. Bu sərvəti qorumaq hər birimizin şərəfli və məsuliyyətli borcudur.