YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Təəssüf ki, bu cür ədalətsizliklər münaqişənin həllini uzadır

“Biz zaman-zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun faəliyyətində, eyni zamanda, həmsədr ölkələrin münaqişəyə  münasibətində bu cür qərəzli halların şahidi olmuşuq. Təbii ki, bu, yolverilməzdir. Çünki Minsk qrupu münaqişənin həllində vasitəçilik etməlidir, hansısa tərəfin, xüsusilə də işğalçının maraqlarını qorumamalıdır, onun tərəfini saxlamamalıdır. Təəssüf ki, bu cür ədalətsizliklər, biganə münasibət münaqişənin həllini uzadır, konkret nəticələrin əldə olunmamasına gətirib çıxarır.” Bu fikirləri KİV-ə açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Rusiyanın Xarici İşlər Nazirliyinin Mətbuat və informasiya departamentinin direktor müavini Artyom Kojinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ona ünvanlanmış suala cavabının sonradan təhrif edilməsini şərh edərkən bildirib.

Vüqar Rəhimzadənin sözlərinə görə, Rusiya XİN-in rəsmisi Artyom Kojinin azərbaycanlı jurnalistin sualına verdiyi cavabın sonradan nazirliyin saytında “redaktə” edilməsi təəssüf doğurur: “Təəssüf ki, Rusiya Xarici İşlər Nazirliyi Artyom Kojinin “Paşinyanın qeyri-konstruktiv və ATƏT-in düzdüyü relslərə uyğun gəlməyən bəyanat verməsi” barədə fikirlərini dəyişib, azərbaycanlı jurnalisti isə qınaq obyektinə çevirib. Görəsən, bunun səbəbi nədir? Yoxsa, Rusiya XİN Paşinyandan çəkinir? Bəlkə bu bəyanatın arxasında başqa qaranlıq məqamlar var? Hər bir halda Artyom Kojinin verdiyi bəyanatın arxasında dayanmaması, məsələnin ermənilərə xoş gələcək tərzdə təqdim edilməsi ədalətsizlikdir. Biz zaman-zaman Rusiya XİN-in ölkəmizə qarşı bu cür qərəzli münasibətlərinin şahidi oluruq və öz etirazımızı bildiririk. Hesab edirəm ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə daha diqqətli və həssas olmalı, ədalət prinsipini gözləməli, ikili standartlara yol verməməlidir.”