YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Bakıda keçiriləcək

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu 2016-cı ildə Bakıda keçiriləcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, bu barədə qərar BMT Baş Məclisinin 69-cu sessiyası çərçivəsində sentyabrın 26-da təşkilatın Sivilizasiyalar Alyansının Dostluq Qrupunun illik nazirlər toplantısında qəbul edilib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Qlobal sülhə və birgə yanaşı yaşayışa yeni və baş qaldıran ideoloji təhlükələr” mövzusunda keçirilən toplantıda çıxış edib.

E.Məmmədyarov çıxışında ötən illərdə BMT-nin Sivilizasiyalar Alyansının fərqli sivilizasiyalar arasında dialoqun gücləndirilməsinə mühüm töhfələr verdiyini deyib. Nazir bildirib ki, sivilizasiyalararası dialoq sülhün, təhlükəsizliyin və davamlı inkişafın, həmçinin xalqlar arasında qarşılıqlı anlaşmanın və tolerantlığın möhkəmlənməsində vacib rol oynayır. O, Azərbaycanın hər zaman tolerantlıq ənənələrinə sadiq qaldığını, dini nifrətin qızışdırılmasına qarşı mübarizə apardığını vurğulayıb. Həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa qurumlarının üzvü olan Azərbaycanın çoxmillətli və çoxdinli ölkə kimi bir çox təşəbbüslərlə sivilizasiyalararası dialoqa, müxtəlif xalqlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşmaya böyük töhfələr verdiyini deyən nazir ölkəmizin bununla bağlı mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb.

E.Məmmədyarov sivilizasiyalararası dialoqun inkişafına gələcəkdə də töhfə vermək məqsədilə Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansının 2016-cı ildə VII Qlobal Forumunun Bakıda keçirilməsi təklifini irəli sürdüyünü bildirib.

Tədbirdə çıxış edən Bəhreyn, Monqolustan, Səudiyyə Ərəbistanı, Seneqal, Qətər və digər ölkələrin nümayəndələri Azərbaycanın təşəbbüsünü dəstəkləyiblər. Onlar bu mötəbər tədbirin zəngin multikulturalizm və tolerantlıq ənənələrinin hökm sürdüyü Azərbaycanda keçirilməsinin mühüm əhəmiyyətə malik olacağını vurğulayaraq ölkəmizin Foruma yüksək səviyyədə ev sahibliyi edəcəyinə əminliklərini bildiriblər.