Xəbərlər
Şuşadan dünyaya sülh mesajı
Vazeh Əskərov
YAP İdarə Heyətinin üzvü
15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans keçirilib. Bu mötəbər tədbir həm mövzunun aktuallığı, həm də seçilmiş məkanın rəmzi məzmunu baxımından, eləcə də Şuşa şəhərində keçirilməsi ənənə halını alaraq beynəlxalq siyasi dialoq üçün mühüm platformaya çevrilib. Tədbirin Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olan Milli Qurtuluş Günündə, 15 iyun tarixində baş tutması isə tədbirə əlavə ideoloji və siyasi dərinlik qazandırır.
Tədbirdə 15 müxtəlif ölkələrdən olan siyasətçilər, parlament üzvləri, diplomatlar, siyasi partiya nümayəndələri və ekspertlər iştirak ediblər. Konfrans çərçivəsində təşkil olunan panel sessiyalarda qlobal təhlükəsizlik, regional əməkdaşlıq, iqtisadi inteqrasiya, postmünaqişə dövründə yenidənqurma və dayanıqlı inkişaf məsələləri geniş müzakirə olunub və “Sülh quruculuğu mexanizmləri: qlobal çağırışlar fonunda partiya diplomatiyası”, “Regional layihələr və transsərhəd əməkdaşlıq: dayanıqlı sülhün iqtisadi əsasları” və “Postmünaqişə dövründə yenidənqurma” kimi mövzular ətrafında geniş məruzələr dinlənilib.
Tədbirin açılışında konfrans iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin müraciəti səsləndirilərək Şuşada keçirilən bu konfransın qlobal geosiyasi proseslər fonunda mühüm əhəmiyyətli platforma kimi qiymətləndirilmiş, Azərbaycanın regionda sülh və sabitlik mühitinin yaradılmasına verdiyi töhfələr xüsusi vurğulanmışdır.
Müraciətdə Prezident İlham Əliyev 2022-ci ildən təşkil olunan bu tədbirin artıq beynəlxalq təhlükəsizlik və əməkdaşlıq baxımından mühüm rol oynayan təşəbbüslərdən birinə çevrilməsini, eləcə də Azərbaycanın müstəqillik dövründə üzləşdiyi çağırışlara baxmayaraq, ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizə və 2020-ci il Vətən müharibəsi, eləcə də 2023-cü il antiterror tədbirləri nəticəsində əldə edilən nəticələri xüsusi vurğulamışdır. Eyni zamanda, dövlət başçısı Azərbaycanın bu gün regionda davamlı sülhün təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirdiyini, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyini bildirmişdır. Prezident İlham Əliyevin müraciətində qeyd olunan əsas məqamlardan biri də Zəngəzur dəhlizi kimi strateji layihələrin əhəmiyyətidir. Bu layihə yalnız Azərbaycanın ərazi bütövlüyünün təmininə deyil, həm də regionda iqtisadi inteqrasiyanın gücləndirilməsinə xidmət edir.
Konfransın məhz Şuşada keçirilməsi təsadüfi deyil. Şuşa şəhəri artıq təkcə Azərbaycanın deyil, bütün regionun sülh, təhlükəsizlik və yenidənqurma simvoluna hesab olunur. Postmüharibə dövründə sürətlə bərpa olunan Şuşa şəhəri bu gün beynəlxalq tədbirlərin keçirildiyi, qlobal dialoqların aparıldığı mühüm məkana çevrilib. Bu isə Azərbaycanın postmünaqişə mərhələsində əldə etdiyi uğurların və həyata keçirdiyi strateji siyasətin bariz göstəricisidir.
15 iyun tarixinin başqa bir əlamətdar hadisəsi 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə bağlıdır. Bu sənəd Azərbaycan ilə Türkiyə arasında münasibətləri strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəltmiş və regionda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına təkan vermişdir. Şuşa Bəyannaməsi siyasi-iqtisadi, enerji, nəqliyyat, müdafiə, humanitar və digər sahələri əhatə edən geniş əməkdaşlıq çərçivəsi yaratmaqla iki dövlətin birgə fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir. Bu sənəd, eyni zamanda Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin təmin olunması baxımından mühüm siyasi platforma kimi çıxış edir və regional əməkdaşlığın genişləndirilməsinə xidmət edir.
Şuşada keçirilən beynəlxalq konfrans məhz bu strateji xəttin davamı olaraq, sülh və əməkdaşlıq ideyasını beynəlxalq ictimaiyyətə bir daha təqdim edir. Buradan dünyaya yayılan mesaj aydındır: Azərbaycan regionda qalıcı sülhün tərəfdarıdır və bu istiqamətdə real addımlar atmaqda davam edir. Şuşa isə artıq bu siyasətin rəmzinə çevrilərək, qlobal səviyyədə dialoq və əməkdaşlıq platforması rolunu oynayır. Milli Qurtuluş Günündə Şuşadan səslənən bu çağırış Azərbaycanın müasir inkişaf modelinin, siyasi iradəsinin və gələcəyə yönəlmiş strateji baxışının parlaq ifadəsidir.
Beləliklə, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Şuşada keçirilən beynəlxalq konfrans yalnız aktual mövzuların müzakirəsi baxımından deyil, həm də Azərbaycanın regionda və dünyada sülh quruculuğu təşəbbüslərini nümayiş etdirməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Milli Qurtuluş Günündə Şuşadan verilən sülh mesajı həm tarixə ehtiramın, həm də gələcəyə inamın simvolu kimi çıxış edir. Bu tədbir bir daha göstərir ki, Azərbaycan beynəlxalq səviyyədə etibarlı tərəfdaş və sülhün təşəbbüskarı kimi mövqeyini daim gücləndirir.
