Xəbərlər
Həmsədrlər Azərbaycan və Ermənistanın XİN rəhbərləri ilə prezidentlərin Paris görüşünə hazırlığı müzakirə ediblər
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə prezidentlərin Paris görüşünə hazırlığı müzakirə ediblər. Trend xəbər verir ki, bu barədə ATƏT-in press-relizində bildirilir.
Nyu-Yorkda keçirilən görüş zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andryö (Fransa) Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüşərək iki ölkə prezidentinin Parisdə keçiriləcək görüşünə hazırlıq məsələlərini müzakirə ediblər.
Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.
Birgə iclasda həmsədrlər və XİN rəhbərləri Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın sonuna Parisdə keçirilməsi planlaşdırılan görüşünə hazırlığı müzakirə ediblər. Azərbaycan və Ermənistan prezidentləri görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas elementləri üzrə dialoqu davam etdirməyi planlaşdırırlar. Həmsədrlər münaqişənin nizamlanması yolunda irəliləyişə nail olmaq üçün dövlət başçılarının məhsuldar müzakirə aparacaqlarına ümid etdiklərini bildiriblər. Pyer Andryö iştirakçıları keçiriləcək görüşdə gündəliyə salına biləcək məsələlər barədə qısaca məlumatlandırıb. Həmsədrlər yaxın vaxtlarda regiona səfər etmək niyyətində olduqlarını bildiriblər.
Həmsədrlər, həmçinin ATƏT sədri Didye Burkhalter ilə görüşərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinin inkişafını müzakirə ediblər. Onlar ATƏT sədrinə prezidentlərin Soçi və Uelsdə keçirilmiş son görüşlərinə dair hesabat təqdim ediblər və ona Parisdə keçirilməsi planlaşdırılan görüş barədə məlumat veriblər.