Xəbərlər
Bahar Muradova: Heydər Əliyevin 95 illik yubileyindən danışarkən əslində Azərbaycanın 95 illiyindən bəhs edirik
“Ulu Öndər Heydər Əliyev 15 ildir cismən bizi tərk etsə də, elə bir gün yoxdur ki, dahi şəxsiyyət xatırlanmasın”. Bu sözləri Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin Ümummilli Lider Heydər Əliyevin 95 illyinə həsr olunan xüsusi iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Ulu Öndərin daim var olması üçün bu irsə yaradıcı yanaşmalı, irəliyə aparmalıyıq: “Necə ki, bu gün Prezident İlham Əliyev bu işi irəliyə aparır. Biz də öz növbəmizdə, Prezident İlham Əliyevə dəstək olmalıyıq. Ümummilli Lider Heydər Əliyev sağlığında yalnız öyülmür, həm də tənqid olunurdu. Ulu Öndərin ünvanına kəskin şəkildə tənqid irəli sürənlər var idi. Lakin illər keçdikcə onlar da Heydər Əliyevin irsini anlamağa başladılar. Bunun özü böyük irəliləyişdir. Biz Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyi haqqında danışarkən əslində Azərbaycanın 95 illiyi haqqında danışırıq. Ümummilli Lider hər zaman bizə düzgün yol göstərib, məsələni bir-bir anlamaqla yoluna qoymağı tövsiyə edib”.
B.Muradova vurğulayıb ki, vaxtilə Ulu Öndər Heydər Əliyevi özünə rəqib görənlər bu gün onun Azərbaycanı inkişafa aparan güc olduğunu dərk edirlər: “Onun liderliyi, tam şəxsiyyət olması da bundadır. Yalnız böyük şəxsiyyətlər ədalətli ola bilirlər. Heydər Əliyevin böyük ruhu bütün xəyanətlərin qarşısında böyük görünür. Ümummilli Lideri anlamayan insanlar bədbəxt adamlardır. Nə qədər Azərbaycan var, Ulu Öndər onu sevənlərin ürəyində yaşayacaq. Bir sözlə, onun dövlətə, xalqa, millətə fayda gətirən ideyalarından doğan şəfəqlər Ulu Öndəri sevənlərin qəlbinə işıq saçacaq, Ümummilli Lideri sevməyənlərin isə gözünü qamaşdıracaq”.