YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: Avropa Parlamentində qəbul edilmiş sənədi təklif edənlər birbaşa erməni lobbisinin təsiri altındadırlar

“Təəssüflər olsun ki, son zamanlar biz Avropa Parlamentində gedən prosesləri müşahidə edərkən Avropa dəyərlərinin, ümumbəşəri prinsiplərin, məhz Avropanın ən vacib olan strukturunda - Avropa Parlamentində pozulduğunu tapdandığını görürük. Əgər belə olmasaydı, Avropa Parlamentinin qəbul etdiyi qətnamələr sülhə və Avropanın inkişafına gətirib çıxarardı. Amma qəbul etdikləri qətnamələrin əksəriyyəti nəticəsində bu gün Ukrayna alovun içərisindədir, Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü pozulmaqda davam edir, Dağlıq Qarabağ problemi faktiki olaraq dondurulmuş şəkildə qalıb. Əslində regionda çox ciddi və təhlükəli proseslər gedir, eyni zamanda, Avropanın içərisində ekstremist qüvvələr çoxalır. Avropa Parlamentinin əsas prinsipi sülh, inkişaf, demokratiya, insan haqları, qanunun aliliyi və s. istiqamətdə iş aparmaqdır. Amma qurumda təmsil olunanların gördükləri işlər nəticəsində hər şey tamamilə əks istiqamətdə cərəyan edir”. Bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədr müavini, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Onun sözlərinə görə,  Avropa Parlamentində Azərbaycanla bağlı qəbul edilmiş sənəd, əslində, qanunun aliliyinə zərərvurma fəlsəfəsini daşıyan qətnamədir: “Qanunun aliliyi o deməkdir ki, dövlətin müvafiq strukturları tərəfindən qəbul olunmuş qərarlara heç kim müdaxilə edə bilməz. Qətnamə qəbulu çərçivəsində müzakirələr zamanı Çexiyadan olan nümayəndə Azərbaycanın müstəqil və suveren dövlət olduğunu, Avropa Parlamentinin ona öz yanaşmasını qəbul etdirmək haqqı olmadığını, Azərbaycanın daxili işinə hörmətlə yanaşmalı olduqlarını dedi. Amma görün, qətnamədə nə əksini tapdı: “qanunları dəyişdirin, istintaqı gedən şəxslər üzərindən, - halbuki hələ heç bir nəticəsi yoxdur və istintaq bitməyib, - bütün ittihamlar götürülməli və dərhal azadlığa buraxılmalıdırlar”. Bu, necə yanaşmadır? Bəlkə, artıq suverenlik, qanunun aliliyi terminləri Avropa Parlamentindən götürülüb, bizim xəbərimiz yoxdur?”

S.Seyidov onu da deyib ki, bu qətnamə Avropa Parlamenti tərəfindən qəbul olunsa da, qurumun çox cüzi bir üzvü tərəfindən təklif olunmuş sənəddir: “Ən maraqlı məqam odur ki, o qətnamənin qəbulunda iştirak edən müxtəlif partiyaların təmsilçilərinin heç biri Azərbaycanda heç bir dəfə də olmayıb. Ölkədəki proseslərdən, ümumiyyətlə, xəbərləri yoxdur”.

“Bu qurumda qəbul olunan sənədi təklif edənlər birbaşa erməni lobbisinin təsiri altındadırlar. Azərbaycana edilən bu təzyiqlərin ən əsas səbəbi də odur ki, Azərbaycan nə Qərbin, nə Şərqin, ümumiyyətlə, heç kimin diqtəsi altında yox, milli maraqlar uyğun addımlar atır, öz yolu ilə gedərək müstəqil şəkildə inkişaf edir”,-deyən S. Seyidov əlavə edib ki, belə bir qətnamənin Azərbaycanda “Əsrin müqaviləsi”nin 20 illiyi ərəfəsində qəbul olunmasını təsadüfi deyil. Onun sözlərinə görə, bu təzyiqin arxasında erməni lobbisinin Azərbaycan haqqında təqdim etdiyi tamamilə düzgün olmayan məlumatlar və erməni lobbisinin təsiri altına düşmüş parlamentarilər var.