Xəbərlər
Bayram Səfərov: Xocalı soyqırımı zaman keçdikcə öz həqiqi qiymətini alır
«1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək. Bu hadisə qəddarlığına görə bəşəriyyət tarixində ən dəhşətli cinayətlərdən biridir». Bu fikirləri «Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» İctimai Birliyinin sədri Bayram Səfərov deyib.
B.Səfərov bildirib ki, bu hadisə təcavüzkar ermənilər tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən yeganə soyqırımı olmayıb. Bundan əvvəl də xalqımızın başına dəfələrlə oxşar müsibətlər gətirilib. Dövlətimizin siyasəti və xalqımızın güclü iradəsi nəticəsində Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması istiqamətində böyük addımlar atılıb.
«Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” kampaniyasının səmərəsi isə ildən-ilə artır. Bu kampaniya çərçivəsində keçirilən tədbirlərin məqsədi Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsinə, bütün dünyanın Xocalı soyqırımını tanımasına nail olmaqdır. “Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyası hazırda dünyanın bir çox ölkəsində uğurla həyata keçirilir və faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlib. Xocalı soyqırımı zaman keçdikcə öz həqiqi qiymətini alır. Xocalı faciəsinin müxtəlif ölkələrin parlamentlərində və digər qanunverici orqanlarında tanıdılması istiqamətində ciddi addımlar atılır. Bu sistemli iş artıq nəticəsini verir»- deyə, B.Səfərov vurğulayıb.