YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Gün gələcək, Xocalı qətliamını törədən canilər qanlı cinayətlərə görə cavab verəcəklər

«Xocalı soyqırımının törədilməsi ilə ermənilər bəşəriyyətə qarşı cinayət törədiblər». Bu fikri yap.org.az saytına Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, ötən əsrdə Xocalı üç dəfə - 1905-1906, 1918-1920 və 1992-ci ilin fevralında ermənilər tərəfindən yandırılıb.  Onun sözlərinə görə, Xocalı strateji əhəmiyyətli bir ərazi idi.

«Ermənilər tərəfindən Xocalının işğalının çox ciddi səbəbləri var idi. Əvvəla, Xocalının yerləşdiyi coğrafi mövqe ermənilərin strateji maraqlarının həyata keçirilməsində onlara çox gərəkli idi. Bakıdan qərb istiqamətində gedəndə Xocalıya qədər Ağdamdır. Ağdamdan şose yolu ilə Xocalıya 16 kilometrlik məsafədir. Xocalı düşmən kəndləri arxasında yerləşirdi. Düşmən Ağdama hücum etmək istəyərkən arxada olan Xocalı özünümüdafiə dəstələrindən qorxurdu. Xocalı Bakı-Ağdam-Laçın-Şuşa magistral yolunun üstündə idi. Dağlıq Qarabağda yeganə hava limanı da, məhz Xocalıda yerləşirdi. Üstəlik, Bakıdan Xankəndiyə gedən dəmir yolu da Xocalıdan keçirdi. Biz Xocalıda elə bir müdafiə sistemi yaratmışdıq ki, istədiyimiz vaxt bu yolları bağlayırdıq. Xocalı bu strateji mövqeyinə görə düşmənin əsas hədəflərindən birinə çevrilmişdi. Ona görə də, bu şəhəri işğal etmək ermənilərin başlıca məqsədlərindən biri idi.

Ermənistanda son 25-30 ildə hakimiyyət başında olmuş, hakimiyyətdə yüksək vəzifələrdə əyləşmiş və bu gün də ölkəyə rəhbərlik edən şəxslərin hər birinin Xocalı soyqırımında, Azərbaycana qarşı baş vermiş hərbi cinayətlərdə birbaşa əli var. Sarkisyanların, koçaryanların, ohanyanların, ter-petrosyanların və digərlərinin əli Azərbaycan xalqının, xocalılıların qanına bulaşıb. Onlar cinayətkar, hərbi canidirlər. Təəssüf ki, himayədarlarının köməyilə onlar hələ də öz layiqli cəzalarını almayıblar, Azərbaycan xalqına qarşı etdikləri cinayətlərin ədalət mühakiməsindən yayına biliblər. Bu da bizə qarşı dünyada hökm sürən ikili standartların tərkib hissəsidir. Gün gələcək, həmin canilər Azərbaycan xalqına, o cümlədən, xocalılılara qarşı etdikləri qanlı cinayətlərə, soyqırımlarına görə cavab verəcəklər»-deyə, E.Məmmədov vurğulayıb.