Xəbərlər
Xalqın inamının böyük olduğu ölkədə Prezidentə milyonların sevgisi şəksizdir

Vüqar Rəhimzadə,
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru
Ölkəmizdə həyata keçirilən siyasətin alternativi yoxdur
Uğurlarımız bu gerçəkliyi təsdiqləyir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu hər sahədə uğurla davam etdirən Prezident İlham Əliyevin daxili və xarici siyasətinin başlıca məqsədi Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasında görmək, beynəlxalq aləmdə nüfuz və söz sahibinə çevirməkdir
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası qarşıdakı illər üçün istiqamət oldu
2003-cü ildə xalqın 76, 84 faiz səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi bu fikirlər müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin istər hakimiyyətinin birinci, istərsə də ikinci dövründə xalqımız, dövlətimiz üçün gördüyü işlərin, göstərdiyi xidmətlərin aydın ifadəsidir: «Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanıb. Azərbaycan beynəlxalq aləmdə özünəlayiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azəçrbaycanla hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.»
Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadığı xaosdan, anarxiyadan, özbaşınalıqlardan, iqtisadi böhrandan xilas edib bugünkü uğurlara yol açan ulu öndər Heydər Əliyevin xidmətlərinin miqyası bu fikri böyük inamla və qətiyyətlə ifadə etməyimizə əsas yaradır-Bizim sözümüzün imzamız qədər qüvvəsi vardır.
Azərbaycan sabitlik diyarı kimi nüfuz qazandı. Bu sabitlik, eyni zamanda onun əsas yaratdığı bisnes imkanları Azərbaycana investisiya axınını sürətləndirdi. 1994-cü il sentyabrın 20-də imzalanan «Əsrin müqaviləsi» Azərbaycanın etibarlı tərəfdaş kimi tanınmasını şərtləndirdi. Məhz bu təmələ əsaslanaraq bu gün Azərbaycan çoxtərəfli əməkdaşlığın əsas iştirakçısı və təşəbbüsçüsü kimi çıxış edir.
1993-2003-cü illər Azərbaycan tarixinə sabitlik, dirçəliş, inkişaf dövrü kimi yazıldı. Möhkəm təməl, xalqının, dövlətinin bu günü, gələcəyi üçün düşünən liderin olması böyük xoşbəxtlikdir. Azərbaycan xalqı bu xoşbəxtliyə layiq olduğunu həm yaşadığı gerçəklikləri ilə, həm də beynəlxalq qurumların hesabatlarında ən xoşbəxt ölkə imicini qazanması ilə yaşayır. Bu xoşbəxtliyi davamlı edən açar isə ulu öndər Heydər Əliyevin 2003-cü il prezident seçkilərində xalqa müraciəti oldu.
«Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm»
1 oktyabr 2003-cü il müraciətində «Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var» söyləyən ulu öndər Heydər Əliyev bildirmişdir: «Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.»
Populizmə deyil, reallıqlara yüksək dəyər verən xalqımız Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurlar fonunda 2003-cü il 15 oktyabr prezident seçkilərində yüksək fəallıq nümayiş etdirib, cənab İlham Əliyevi dəstəkləməklə növbəti dövr üçün uğurlarımızı şərtləndirdi. Möhtərəm Prezidentimiz İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində ifadə etdiyi bu əminliyi bir daha yada salaq: «Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevıriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.»
«Bu, elə bir zirvədir ki, əlbəttə, mən bu zirvədə duraraq, təkcə özümü deyil, bütün Azərbaycan xalqını beynəlxalq aləmdə təmsil edəcəyəm»
Yenə də möhtərəm Prezidentimiz İlham Əliyevin mətbuata ilk müsahibəsini xatırlayaq. «Cənab Prezident, artıq Siz and içdiniz, indi ölkənin birinci şəxsisiniz və hansı hissləri keçirirsiniz» sualına cənab İlham Əliyevin cavabı ulu öndər Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində inkişaf edən Azərbaycanın gələcək inkişafının istiqaməti kimi dəyərləndirildi: «Gərək mən ümidləri doğruldam… Qarşımda çoxlu vəzifələr var, çoxlu işlər görmək əzmindəyəm. Bütün bunlar haqqında düşünürdüm… Bu da təbii idi ki, keçmişdə gördüyüm işlər haqqında düşünürdüm. Həyatımın artıq növbəti və elə bil ki, sonuncu mərhələsi başlanır. Çünki bundan yuxarı vəzifə yoxdur. Bu, elə bir zirvədir ki, əlbəttə, mən bu zirvədə duraraq, təkcə özümü deyil, bütün Azərbaycan xalqını beynəlxalq aləmdə təmsil edəcəyəm. Əlbəttə, bu mənim çiyinlərimə əlavə məsuliyyət yükü qoyur.»
Dövlətimizin başçısı İlham Əliyev bu məsuliyyəti uğurlu addımları ilə gerçəkləşdirdi, Azərbaycana biri-birindən əhmiyyətli uğurlar qazandırdı. Son 14 ildə ölkə Prezidentinin təkmil və uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyadakı nüfuzunu daha da artırdı, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atıb. «Biz son illər ərzində aparılan islahatlar nəticəsində bu səviyyəyə qalxa bilmişik» söyləyən cənab İlham Əliyev bildirir ki, bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq.
Təbii sərvətlər, insan potensialı, xalqın iradəsi…
«Biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik.» 2003-cü ildə səsləndirilən proqram xarakterli bu fikirlər növbəti illərdə görüləcək işlərin aydın mənzərəsini yaratdı. Dövlətimizin başçısı İlham Əliyev bu reallıgı da qeyd etmişdir ki, hər şey iqtisadiyyat üzərində qurulub. Ölkənin iqtisadiyyatı möhkəm olarsa, bütün məslələri həll etmək mümkündür. İqtisadiyyatımızın növbəti mərhələsi məhz özəl sektorun daha fəal iştirakından asılı olmalıdır və bu istiqamətdə bizim üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq.
Ölkə Prezidenti İlham Əliyev «Neft kapitalını insan kapitalına çevirək» tezisini irəli sürərək, bu məqsədə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyini bildirdi. 2003-cü ildən ötən 14 ildə regionların, eyni zamanda Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair 2 Dövlət Proqamının icrası başa çatıb, üçüncünün icrası davam edir. Hər bir sənəddə nəzərdə tutulan dövr ərzində görülən işlərin planı öz əksini tapır. Dövlət proqamlarının uğurlu icrasının nəticələri göz önündədir. Təkcə 2017-ci ilin ötən dövrünun sosial-iqtisadi göstəricilərinə diqqət yetirmək kifayətdir ki, Azərbaycanın iqtisadi inkişafı barədə aydın təsəvvür yaransın.
Statistikaya söykənərək, qətiyyətlə bildiririk ki, 2017-ci il tariximizə iqtisadi islahatlar ili kimi daxil olacaq. Məhz bu ilin 9 ayında qeyri-neft sektoru 2,5 faiz, sənaye istehsalı 3,1 faiz, kənd təsərrüfatı 2,8 faiz artıb. İlin 9 ayında Azərbaycanın valyuta ehtiyatları artıb, hazırda bu rəqəm 42 milyard dollar səviyyəsindədir. İlin əvvəlindən valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb. Bu dövrdə 226 min yeni iş yeri yaradılıb ki, onlardan 171 mini daimi iş yeridir. Bu da işsizliyin aşağı səviyyədə saxlanmasına imkan verir. Son 14 ildə bir milyon 800 mindən artıq yeni iş yeri yaradılıb. Xatırladaq ki, 2004-2008-ci illər üçün nəzərdə tutulan birinci Dövlət Proqamında 600 min yeni iş yerinin açılması qarşıya mühüm vəzifə kimi qoyulmuşdu. Sənədin icrası başa çatdıqda bu rəqəm 700 mindən çox idi. Bu, onu göstərdi ki, məqsəd uğurlara nail olmaq üçün stimulverici amildir. Möhtərəm Prezidentimiz İlham Əliyev Prezident kimi jurnalistlərə ilk müsahibəsində də bildirmişdir ki, zaman dəyişir, qarşıya yeni-yeni tələblər qoyulur. Məhz bu tələblər yeniləşməni, modernləşməni daha da aktuallaşdırır. Birinci proqramın uğurlu icrası ikinci, o isə öz növbəsində üçüncü sənədin qəbulunu zərurətə çevirdi. Qeyri-neft sektorunun inkişafını bölgələrin inkişafı kimi dəyərləndirən cənab İlham Əliyevin rayonlara ardıcıl səfərləri, hər səfərindən sonra həmin regionun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə əlavə tədbirlər planının təsdiqlənməsi və Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması bu inkişafı daha da sürətləndirir. Uğurlu, təkmil addımların nəticəsində bu gün ölkəmizdə işsizli, yoxsulluq 5 faiz səviyyəsindədir. Cənab İlham Əliyev 2003-cü il andiçmə mərasimində yoxsulluq kimi sosial bəlanın tamamilə aradan qaldırılacağını əsas vəzifə kimi qarşıya qoymuşdu. Ölkəmizdə bu istiqamətdə görülən işlər beynəlxalq səviyyədə də təqdir edilir. Bu faktı da qeyd etməliyik ki, Azərbaycan Cənubi Qafqaz regionu iqtisadiyyatının 75 faizinə sahibdir. Bu, inkişaf modeli dünyaya təqdim edilən və öyrənilməsinin vacibliyi vurğulanan Azərbaycanın mühüm uğurlarındandır. Azərbaycan eyni zamanda investisiya cəlbediciliyi baxımından da diqqət çəkir. Hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 200 milyard dollara yaxındır. Bunun böyük qismi xarici investisiyalardır. Bu faktın özü Azərbaycanın bu gününə, gələcəyinə inamın təsdiqidir. Dövlətimizin başçısı İlham Əliyev bildirir: «Heç kəsə sirr deyil ki, sərmayələr, xüsusilə xarici sərmayələr sabitlik olan ölkələrə qoyulur. Çünki hər bir sərmayədar o qədər də risk etmək istəmir. Bu baxımdan da Azərbaycan sərmayə qoyuluşu üçün çox münasib ölkədir. Azərbaycanda hökm sürən sabitlik, ictimai-siyasi asayiş sərmayələrin cəlb olunması istiqamətində böyük addımlar atmağa imkan veribdir.»
Göründüyü kimi, Azərbaycan sabitlik diyarına çevrilib, ölkəmiz ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft stregiyasının uğurlarını yaşamaqla dünyanın diqqət mərkəzində dayanır. Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul olunmasında da onun iqtisadi uğurları, sabitlik diyarı kimi nüfuz qazanması, eyni zamanda demokratik inkişafı həlledici rol oynayır.
Demokratikləşmə prosesinin sürətləndirilməsi sadəcə şüar, niyyət deyil, ölkənin hərtərəfli inkişafı üçün əsasdır
Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev bildirirdi ki, sabitlik, iqtisadi tərəqqi, ictimai-siyasi əmin-amanlıq olmasa, təbii ki, demokratiyanın ömrü uzun ola bilməz. Son 14 ildə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın demokratiya təcrübəsinin digər ölkələrə nümunə göstərilməsi ilə təsdiqlənir. Möhtərəm Prezidentimiz bildirir ki, iqtisadi və siyasi islahatların vəhdətliyi Azərbaycanın hərtərəfli inkişafı üçün əsasdır. İstər insan hüquqlarının qorunması, istər azad mətbuatın inkişafı, istər seçkilərdə vətəndaşlara sərbəst seçim hüququnun verilməsi, istər çoxpartiyalı sistemin yaradılması, istərsə də seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində atılan adımlara diqqət yetirsək, bir məqsəd, amal özünü təsdiqləyər ki, atılan bu addımlar ölkə Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, hansısa dövlətə, təşkilata xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür. Beynəlxalq əməkdaşlıq fonunda qəbul olunan qanunlara edilən əlavə və dəyişikliklər, yeni qanunların qəbul olunması Azərbaycanın bu gününə və gələcəyinə xidmət edir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə nümunədir.
İnsan hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin əsasıdır. Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 18 iyunun ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis olunması, son 14 ildə iki dəfə Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendumun keçirilməsi, 27 dekabr 2011-ci il tarixli Sərəncamla daha geniş sferanı əhatə edən «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı»nın təsdiqlənməsi bu istiqamətdə atılan addımların davamlılığının, dövrün tələbinə uyğun təkmilləşmənin göstəricisidir. «Hüquqi dövləti mətbuatsız təsəvvür etmək mümkün deyil» söyləyən cənab İlham Əliyevin azad mətbuatın inkişafına göstərdiyi diqqət və qayğı da 14 ildə atılan addımların miqyasından daha aydın görünür. KİV-in inkişafına Dövlət Dəstəyi Konsepsiyasının təsdiqi, bu sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı davamlı sərəncamların imzalanması bunun bariz nümunəsidir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, möhtərəm Prezidentimiz 3 dəfə «Jurnalistlərin dostu» mükafatına layiq görülüb.
Demokratiyanın vacib amillərindən biri kimi ölkəmizdə çoxpartiyalı sistemin formalaşması istiqamətində atılan addımlar da göz önündədir. «Siyasi partiyalar haqqında» yeni qanunun qəbulu, partiyaların dövlət büdcəsindən maliyyələşməsi və s. kimi tədbirlər bu reallığı ortaya qoyur ki, Azərbaycan dövləti demokratik inkişafı strateji kursunun əsası kimi qəbul edir, dünya təcrübəsinə istinad edərək qəbul olunan qanunların təkmilləşdirilməsində, yaxud yenidən qəbulunda maraqlıdır.
Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu məqamı da nəzərə alaq ki, hər bir seçki ölkədə mövcud olan ab-havanın göstəricisidir. Son 14 ildə ölkədə keçirilən prezident, parlament, bələdiyyə seçkilərində xalqın fəal iştirakı, həyata keçirilən siyasətə dəstəyi davamlı inkişafa geniş yol açan mühüm amillərdəndir. Azərbaycan dövləti seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi üçün zəruri tədbirlər həyata keçirir. 2003-cü ilin mayında Azərbaycan hökumətinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, eyni zamanda Avropa Şurasının Venesiya Komissiyası ilə birgə əməkdaşlığı nəticəsində qəbul olunan Seçki Məcəlləsinə bu dövrdə dəfələrlə edilən əlavə və dəyişikliklər də təkmiləşməyə, yeniləşməyə verilən önəmdən qaynaqlanır. Keçirilən seçkilərdə xalqın ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasına dəstəyi təbii ki, bu partiyanın yaradıcısı olan Heydər Əliyevin ideyalarına sədaqətdən, onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamdan irəli gəlir. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası təkcə ölkənin deyil, regionun aparıcı təşkilatıdır. Sıralarında 700 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyası tutduğu yola sadiqliyi ilə daim Azərbaycanın daha da qüdrətlənməsinə, çiçəklənməsinə, yeni-yeni hədəflərə nail olmasına dəstək olmağa səy göstərir. Bu günümüz üçün partiyanın devizi «Yeni hədəflərə doğru»dur.
Yüksək rifahın təmin edilməsi əsas hədəflərdəndir
Güclü sosial siyasətlə tamamlanan iqtisadi islahatların zamanın tələblərinə uyğunlaşdırılması Azərbaycanı dünyaya sosial dövlət kimi təqdim edir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında bu əsas məqamı hər zaman önə çəkir ki, iqtisadi inkişaf prosesi elədir ki, bu inkişafı, irəliləyişi həm gözlə görmək mümkündür və həm də statistik rəqəmlərdə öz əksini tapır. 2008-ci ildən dünyanı bürüyən və nəticələri bu günə kimi davam edən iqtisadi və maliyyə böhranı dövründə ölkəmizdə əmək haqlarının, pensiyaların artırılması sosial müdafiənin prioritetliyini bir daha nümayiş etdirdi. Ötən dövr ərzində bu istiqamətdə atılan mühüm addımlardan biri kimi vətəndaşlara sovet dövründən qalmış əmanətlərə görə kompensasiyaların verilməsini, aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramından bəhrələnmələrini qeyd edə bilərik.
2008-2015-ci illəri əhatə edən «Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı» icra olundu. Əvvəldə də qeyd etdiyimiz kimi, hazırda ölkəmizdə yoxsulluğun səviyyəsi 5 faizdir. Təbii ki, bu kimi addımlar dövlətin insan amilinə verdiyi dəyərin təsdiqidir. Bir məqamı da xüsusi qeyd etməliyik ki, 2009-cu ildə keçirilən ümumxalq səsverməsinə çıxarılan Konstitusiyaya əlavə və dəyişikliklərdə xüsusilə diqqəti cəlb edən «Dövlətin ali məqsədi» maddəsinə edilən əlavə oldu. Bu əlavəyə əsasən, dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması, eyni zamanda layiqli həyat səviyyəsinin təmin edilməsidir.
Dünyaya inteqrasiya siyasətini həyata keçirən Azərbaycan beynəlxalq əməkdaşlığa bütün sahələrdə önəm verir
Əvvəldə də qeyd etdiyimiz kimi, məhz ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində 1994-cü ilin 20 sentyabrında «Əsrin müqaviləsi»nin imzalanması ilə beynəlxalq əməkdaşlığa açılan yol bu gün uğurla davam edir. «Əsrin müqaviləsi»nin 20 illiyində «Cənub Qaz Dəhlizi»nin təməlinin qoyulması, 23 illiyində, yəni bu ilin sentyabrında Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması da bunun bariz nümunəsidir. Azərbaycan bu gün təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi nüfuz qazanıb və beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirib. Möhtərəm Prezidentimiz İlham Əliyev 2003-cü ildə dövlət başçısı seçildikdən sonra keçirilən andiçmə mərasimində bu inamı da ifadə etmişdir: «Gələcəkdə Azərbaycan öz iqtisadi potensialını inkişaf etdirdikcə, Azərbaycanda yeni neft yataqları kəşf olunandan sonra, BTC neft kəməri istismara veriləndən sonra, əlbəttə, ölkəmizin imkanları daha da artacaqdır. Hər il Azərbaycana milyardlarla dollar vəsait daxil olacaqdır. Bu vəsaitlə Azərbaycanda bütün sahələrdə quruculuq işləri aparılacaq, sosial problemlərin həlli istiqamətində böyük işlər görüləcəkdir.» 2003-cü ildə aktivlərinin həcmi 800 milyon dollar olan Dövlət Neft Fondunda bu gün toplanan vəsaitlərin həcmi 36 milyard dollardan artıqdır. Fondun vəsaitləri hesabına gerçəkləşdirilən layihələr Azərbaycanın hərtərəfli inkişafını daha da sürətləndirir. Bu ilin mühüm hadisələri sırasında yer alan Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi də Azərbaycanın iqtisadi imkanlarının, qətiyyətinin təsdiqidir.
Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinə və rolunu möhkəmləndirən xeyli sayda faktlar sadalamaq olar. 2011-ci ildə Azərbaycanın 155 ölkəninin dəsətyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daim üzv seçilməsi ölkəmizə beynəlxalq baxışın yüksək səviyyədə olduğunun təsdiqidir. Ölkəmiz müxtəlif sahələri əhatə edən beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməklə də bu inamı nümayiş etdirir. Məlum olduğu kimi, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə ötən il ölkəmizdə «Multikulturalizm ili», cari il isə «İslam Həmrəyliyi İli» elan edilib. Məhz bu illərin özü Azərbaycanın ölkələr, xalqlar arasında körpü roluna bir işıq salır. Dünya dövlətləri, həmçinin İslam aləmi ilə əməkdaşlığı xarici siyasətinin önündə saxlayan Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarına, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməklə əməkdaşlıq körpüsü roluna yeni əlavələr etdi. Bakıda keçirilən «2017- İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq» mövzusunda beynəlxalq konfransda da möhtərəm Prezidentimiz İlham Əliyev Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın əməkdaşlığa töhfələrindən geniş bəhs etmişdir. 2016-cı ildə BMT-nin Svilizasiyalar Alyansının VII Qlobal Forumunun, eyni zamanda digər mədəniyyətlər və dinlərarası dialoq forumlarının Azərbaycanda keçirilməsinin təbii olduğunu qeyd edən cənab İlham Əliyev bunu belə əsaslandırmışdır: «Çünki ilk növbədə, Azərbaycan sivilizasiyalar arasında həmişə müsbət rolunu oynayıb və Asiya ilə Avropa arasında həm coğrafi, həm mədəni və bu gün siyasi baxımdan bir körpü rolunu oynayır. Digər tərəfdən, Azərbaycan o ölkələrdəndir ki, burada dini, milli zəmində heç bir problem yoxdur, heç bir-hətta kiçik bir anlaşılmazlıq yoxdur. Əksinə, Azərbaycanda yaşayan bütün millətlər, bütün dinlərin nümayəndələri bizim dəyərli vətəndaşlarımızdır və ölkəmizin ümumi inkişafına öz töhfələrini verirlər.» Dövlətimizin başçısı İlham Əliyev sonda bu inamı da ifadə etmişdir ki, Azərbaycan müstəqillik dövründə mədəniyyətlərarası dialoqun inkişafında və İslam həmrəyliyinin güclənməsi işində öz rolunu oynayıb, bundan sonra da bu yolla gedəcəyik.
Hər gün, hər an bizi qələbəyə yaxınlaşdırır
Ölkəmizin iqtisadi və siyasi mövqeyini möhkəmləndirməsi ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə də yol açır. Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dövlətlərin və təşkilatların sayının artması Prezident İlham Əliyevin qətiyyət və səyinin nəticəsidir. Münaqişənin həllində möhkəm hüquqi baza mövcuddur. Diplomatik mübarizədə qələbə qazanan ölkəmizin münaqişənin həllində hərb siyasətini seçdiyi təqdirdə də qələbəsi şəksizdir. Ötən ilin aprel döyüşləri bunu bir daha təsdiqlədi. Möhtərəm Prezidentimiz İlham Əliyev bildirir: «Təmas xəttindəki vəziyyət onu göstərir ki, bu gün biz təmas xəttində hakim mövqelərə tam sahibik. Əlbəttə, Ermənistan daha çox maraqlı olmalıdır ki, danışıqlar bərpa edilsin. Çünki əks təqdirdə onları çox acı nəticələr gözləyir. Məsələ ilə məşğul olan vasitəçilər çalışırlar ki, danışıqlar prosesi bərpa edilsin. Biz də əlbəttə ki, bunu dəstəkləyirik. Ona görə bir daha demək istəyirəm ki, bu il də bu istiqamətdə real nəticə əldə olunmasa da, Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında aciz, gücsüz, asılı ölkə kimi təqdim etmişdir.»
Rəsmi Bakı dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından dəyişməz mövqeyimiz bəyan edir- Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. BMT Baş Assambleyasının 72-ci sessiyasında möhtərəm Prezidentimiz İlham Əliyevin səsləndiridyi bəyanatlar işğalçı Ermənistana, ona havadarlıq edən dövlətlərə və təşkilatlara ciddi mesaj oldu: «Hərbi təxribat davam edərsə, ölkəmiz öz vətəndaşlarını qoruyacaq və təcavüzkarı yenidən cəzalandıracaq.»
Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycanın çox güclü, qüdrətli, dünya standartlarına cavab verən ordusu var. Sülh danışıqları səmərə vermədiyi təqdirdə torpaqlarımızın hərb yolu ilə azad ediləcəyi şəksizdir. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcıdır. Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil.
İdarəetmə sistemində təkmilləşmə davamlı inkişafın təminatıdır
Ulu öndər Heydər Əliyevin siyasi kursunun son 14 ildə uğurla davam etdirilməsi nəticəsində əldə olunan uğurların ümumiləşdirilmiş ifadəsi olaraq möhtərəm Prezidentimiz İlham Əliyevin bu fikirlərini xatırlayaq: «Bu gün dünyada nadir Azərbaycan inkişaf modeli var. Artıq biz bu barədə də danışa bilərik, çünki bu model, doğrudan da, bir nümunə kimi hər bir ölkə üçün maraqlı olmalıdır... Bunu dost görür sevinir, düşmən gəlib görəndə kefi pozulur. Biz bundan sonra da elə işləməliyik ki, xalqımız, dostlarımız sevinsin, düşmənin pis niyyəti gözündə qalsın. Əminəm ki, belə də olacaq, Azərbaycan bundan sonra da uğurla inkişaf edəcəkdir.»
Keçilən yola, əldə olunan uğurlara söykənərək, qarşıdakı illərin prioritetlərini müəyyənləşdirən dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası, eyni zamanda davamlı inkişafa xidmət edən Strateji Yol xəritələri yeni hədəflərin gerçəkləşməsini şərtləndirir. Hədəf Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir. Bunun üçün bütün əsaslar mövcuddur. Hesabatlarında uğurlarımızın geniş yer aldığı beynəlxalq maliyyə qurumları da Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyinin gerçək olduğunu təsdiqləyirlər. Dünya Bankının təmsilçiləri bildirirlər ki, Azərbaycanda 2020-ci ilədək ÜDM-nin iki dəfə artırılması böyük çağırışdır. Bunu etmək üçün ölkə kifayət qədər güclü potensiala malikdir və inanırıq ki, Azərbaycan bu yolda ciddi uğur qazanacaq.
Cari ildə idarəetmə sistemində həyata keçirilən təkmil islahatlar da hədəflərə yüksək səviyyədə nail olacağımıza əsas yaradır. Vitse-prezidentlik institutunun yaradılması, ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi ölkəmizin davamlı inkişafına yönələn səylərin birləşdirilməsinin təsdiqidir. Cənab İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyevanı təqdim edərkən onun bütün istiqamətlərdə xidmətlərindən geniş bəhs edərək bu inamı ifadə etmişdir: «Bax, bu, çoxşaxəli fəaliyyət və eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda, qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır. Sadaladığım bütün bu amilləri nəzərə alaraq, mən bu qərara gəldim və bu gün Mehribanın həyatında yeni dövr başlayır. Əminəm ki, o, bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcəkdir.» Azərbaycanın Birinci vitse-prezidenti kimi Mehriban xanım Əliyevanın qısa müddətdə gördüyü işlərin miqyası genişdir. Azərbaycan dövlətinin, dövlətçiliyinin inkişafına, qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərin gerçəkləşdirilməsinə davamlı töhfələri göz önündədir.
Hakimiyyətin yeganə mənbəyi xalqdır
Xalqın inamının böyük olduğu ölkədə Prezidentə milyonların sevgisi şəksizdir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən cənab İlham Əliyevin 2008 və 2013-cü illərdə keçirilən prezident seçkilərində təkrar qələbəsi bunun təsdiqidir. Son 14 ilin uğurları 2018-ci ildə keçirilən prezident seçkilərində də cənab İlham Əliyevin böyük səs çoxluğu ilə qələbə qazanacağını şərtləndirir. Bunu bu günlərdə Avropa İttifaqının «Şərq Tərəfdaşlığı» proqramının sifarişi əsasında aparılan araşdırmanın, eyni zamanda “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin keçirdiyi sorğunun nəticələri də təsdiqləyir. Araşdırmanın nəticəsinə görə, Azərbaycan vətəndaşlarının 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir. «ELS-Müstəqil Araşdırmalar Mərkəzi» İctimai Birliyinin apardığı sorğunun nəticlərində isə bu reallıqlar öz əksini tapıb. respondentlərin 92,8 faizi Azərbaycanda ictimai-siyasi vəziyyəti sabit kimi qiymətləndiriblər. Rəyi soruşulanlara ölkə Prezidentinin həyata keçirdiyi siyasətin qiymətləndirilməsi də təklif olunub. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti qiymətləndirənlərin 91,4 faizi bu siyasəti dəstəklədiyini bildiriblər. “Dövlətimizin başçısının həyata keçirdiyi daxili siyasəti dəstəkləyirsinizmi” sualına respondentlərin 84,7 faizi “bəli” cavabını verib. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsini respondentlərin 62,9 faizi dəstəkləyib. Sorğuda respondentlərə “Gələn həftə prezident seçkiləri keçiriləcəyi halda kimə səs verərdiniz” sualı verilib. Respondentlərin 85,2 faizi cənab İlham Əliyevə səs verəcəyini qeyd edib. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, bu gün Azərbaycan seçicisi Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir, onu gələcək prezident seçkilərində dəstəkləməyə hazır olduğunu bildirir və dövlətimizin başçısına böyük ümid bəsləyir.
Bu gerçəklik beynəlxalq siyasətçilər, ekspertlər tərəfindən də təsdiqlənir ki, Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur. Xalq-iqtidar birliyi birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açır.
Təbii ki, bir yazı çərçivəsində ölkə Prezidenti İlham Əliyevin 14 ildə gördüyü işləri, əldə olunan uğurları tam əhatə etmək qeyri-mümkündür. Bu günümüzün reallığı budur ki, Azərbaycan sürətli inkişaf yolunda inamla irəliləyir. Ölkəmizi qarşıda daha möhtəşəm uğurlar gözləyir.
Möhtərəm Prezidentimiz İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsi, vətəndaşlarımızın sosial rifah halının daha da yaxşılaşdırılması uğrunda apardığı siyasətdə daha böyük nailiyyətlər arzulayırıq.