Xəbərlər
Sahibə Qafarova: Azərbaycan gender bərabərliyi iləəlaqədar beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edir
Bu gün Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclası keçirilib. İclasda Milli Məclisin deputatı, qurumun alt komitəsinin sədri Sahibə Qafarova çıxış edib. O, Azərbaycanda gender siyasəti, qadınların hüquqlarının qorunması istiqamətində görülən işlər barədə geniş məlumat verib. Azərbaycanın 1918-ci ildə Şərqdə qadınlara ilk seçilib – seçilmək hüquqlarının verildiyi ölkə olduğunu xatırladan millət vəkitli vurğulayıb ki, Azərbaycanda məqsədyönlü gender siyasəti aparılır və bu mühüm sahə dövlətin diqqət mərkəzindədir. O, bununla əlaqədar xüsusi Dövlət Proqramının qəbul olunduğunu, bu gün Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artmasına yönəlmiş siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini qeyd edib. Millət vəkili deyib ki, hazırda ölkəmizdə qadınların hüquqlarının ən yüksək səviyyədə qorunması, onların cəmiyyətin həyatında fəal rol oynaması üçün yetərincə siyasi iradə və mükəmməl, hüquqi baza mövcuddur. Azərbaycan Respublikasında milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək, hər cür ayrı-seçkiliyin qarşısını almağa imkan verir, bu istiqamətdə atılan addımlar qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlib. Azərbaycan bu gün gender bərabərliyi üzrə bir sıra beynəlxalq sənədlərə qoşulub, beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edir.
Daha sonra iclasda "Bərabərlik və böhran" mövzusunda məruzə dinlənilib, Avro-Aralıq Dənizi bölgəsində qadın hüquqlarının vəziyyəti və perspektivlər, İstanbul Konvensiyasının qüvvəyə minməsi, qadınlara qarşı zorakılıqla mübarizədə müsbət təcrübələrin təşviqi və digər mövzularda müzakirələr aparılıb, Fransa Senatının Qadın hüquqları, kişi və qadın bərabərliyi komitəsinin sədri Brigitta Gontier Maourin ölkəsində həyata keçirilən gender siyasəti haqqında danışıb.
İclasda bir sıra təşkilati məsələlərə də baxılıb.