Xəbərlər
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 57 milyon 154 min 936 manat vəsait yığılmışdır
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna cari il sentyabrın 1-dək 57 milyon 154 min 936 manat, 211 min 791 ABŞ dolları və 593 avro vəsait yığılıb.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb.
Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədi ilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməkliyi məqsədi ilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.
Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.