Xəbərlər
Azərbaycan ATƏT və onun bütün institutları ilə əməkdaşlığa önəm verir
Milli Məclisin sədr müavini, ATƏT Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova sentyabrın 8-də ATƏT PA-nın sədri Kristin Muttonenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bahar Muradova Azərbaycanın ATƏT və onun bütün institutları ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib. “Hesab edirik ki, regionda baş verən proseslər bu əməkdaşlığın getdikcə daha da intensivləşməsini tələb edir. Sizin ölkəmizə ilk səfəriniz ATƏT-Azərbaycan münasibətlərinə, eləcə də regionda gedən proseslərə verdiyiniz önəmin göstəricisidir”, - deyə Bahar Muradova qeyd edib.
ATƏT PA-nın sədri Kristin Muttonen Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. O deyib ki, Azərbaycan ATƏT üçün çox önəmli bir ölkədir. Müəyyən mövzular var ki, Azərbaycanın təcrübəsindən yararlanmaq istəyirik. Məsələn, multikulturalizm dünyada Azərbaycan haqqında olduqca xoş təəssüratlar yaradır.
Görüşdə əməkdaşlığın indiki vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.