Xəbərlər
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Lütfi Zadənin vəfatı ilə əlaqədar nekroloq imzaladı
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Lütfi Zadənin vəfatı ilə əlaqədar nekroloq imzaladı.
Lütfi Zadənin vəfatının Azərbaycanın elmi ictimaiyyətinə ağır itki kimi dəyərləndirildiyi nekroloqda qeyd olunur ki, görkəmli alim, ABŞ-ın Kaliforniya Universitetinin professoru, Yumşaq Hesablamalar üzrə Berkli Təşəbbüsünün rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 2017-ci il sentyabrın 6-da ömrünün 97-ci ilində vəfat etmişdir.
Lütfi Zadə 1921-ci il fevral ayının 4-də Bakı şəhərində anadan olmuşdur. O, ibtidai təhsilini burada 16 saylı məktəbdə almış, on yaşında ikən ailəsi ilə birlikdə İrana köçərək 1930-cu illərdə Tehranda təhsilinə davam etmiş, 1944-cü ildə isə müvəffəqiyyətlə Tehran Universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirmişdir. Lütfi Zadə 1944–1959-cu illər arasında Amerika Birləşmiş Ştatlarının Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr və doktorluq elmi dərəcələrini almış, 1959-cu ildən Kaliforniya ştatındakı Berkli Universitetinin ömürlük professoru seçilmiş, 1963-cü ildən isə bu ali məktəbin elektrik mühəndisliyi və kompüter elmləri kafedrasına rəhbərlik etmiş və Yumşaq Hesablamalar üzrə Berkli Təşəbbüsünün rəhbəri kimi fəaliyyət göstərmişdir.
Süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi professor Lütfi Zadə dünya elmi fikrinə layiqli töhfələr vermiş görkəmli şəxsiyyətlərdəndir. Adı elm tarixinin köklü dəyişikliklər yaratmış böyük simaları ilə bir sırada çəkilən alim mühüm kəşflərdən sayılan fundamental nəzəriyyələr irəli sürmüşdür. Yeni texnologiyalara güclü təsir göstərməklə həmin nəzəriyyələr diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin əsaslarının yaradılmasını təmin etmiş, müasir idarəetmə elminin bünövrəsini qoymuşdur. Bir sıra araşdırma mərkəzləri idarəetmə sistemlərini Lütfi Zadənin nəzəriyyələri əsasında tədqiq edir və layihələndirir.
Alimin ardıcıl tədqiqatları nəticəsində irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsi müstəsna əhəmiyyətə malik olub, müxtəlif elm sahələrinin müasir mərhələdə inkişafında dərin iz buraxmış və yeni yanaşma üsulları meydana gətirmişdir. İnformasiya texnologiyalarında ciddi dəyişikliklərə yol açan və sənaye proseslərinin idarə olunmasında uğurla istifadə edilən nəzəriyyə nəhəng elektron şirkətlərində özünün geniş tətbiqini tapmışdır. Hazırda sənayenin bəzi sahələri məhz qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanmaqdadır. Dünyanın aparıcı şirkətləri Lütfi Zadənin nəzəriyyələrindən bəhrələnməklə yüksək iqtisadi səmərəliliyə nail olmuşlar.
Lütfi Zadə nüfuzlu beynəlxalq konfranslarda daim diqqətlə izlənən məzmunlu çıxışları ilə elm adamlarını yeni-yeni istiqamətlərdə axtarışlara sövq etmişdir. O, dünya miqyasında əsərlərinə ən çox istinad edilən alimlər sırasındadır. Lütfi Zadənin yaratdığı elmi məktəb və laboratoriyalar yarım əsrdən artıqdır ki, dünyanın bir sıra ölkələrində fəaliyyət göstərməkdədir. Berkli şəhərində alimin şərəfinə onun adı ilə bağlı İnformasiya Texnologiyası üzrə Zadə İnstitutu yaradılmışdır.
Bir çox ölkələrin akademiyalarının, o cümlədən ABŞ Milli Mühəndislik Akademiyasının və Rusiya Təbiət Elmləri Akademiyasının üzvü seçilən professor Lütfi Zadə mötəbər beynəlxalq cəmiyyətlərin, qurumların və fondların mükafatlarına layiq görülmüş, onlarla ölkənin nüfuzlu universitetinin fəxri doktoru adını qazanmışdır. Lütfi Zadə elm və texnologiyaların inkişafına verdiyi dəyərli töhfələrinə, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Dostluq” ordeni ilə təltif edilmişdir.
Azərbaycanlı olması ilə qürur duyan və gənc yaşlarından etibarən vətənin hüdudlarından çox-çox uzaqlarda yaşasa da, ürəyi həmişə doğma yurdu ilə bir döyünən Lütfi Zadə Azərbaycanın mədəniyyətə, elmə dərin ehtiram göstərilən ölkəyə çevrilməsi yolunda atılan hər addımı alqışlamış, burada informasiya texnologiyaları sektorunun inkişafına xüsusi diqqət yetirilməsindən məmnunluğunu ifadə etmişdir.
Dünya şöhrətli alim və böyük şəxsiyyət Lütfi Zadənin işıqlı xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.
Allah rəhmət eləsin!
Nekroloqu Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət rəsmiləri və tanınmış elm xadimləri imzalamışlar.