Xəbərlər
Əli Əhmədov: Dağlıq Qarabağ problemi Azərbaycanda məşğulluğa öz təsirini göstərir
Sentyabrın 7-də Nazirlər Kabinetində Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov Beynəlxalq Əmək Təşkilatının (BƏT) nümayəndələri ilə görüşüb.
Görüşdə Baş nazirin müavini Əli Əhmədov bildirib ki, son illərdə Azərbaycanda məşğulluq problemləri ətrafında bir sıra işlər görülüb.
“Azərbaycan nisbətən gənc dövlətdir. Hər bir gənc dövlətlərdə olduğu kimi Azərbaycanda da bəzi problemlər var. Azərbaycanın xüsusi olaraq böyük problemi torpaqlarının işğalı ilə nəticələnən Dağlıq Qarabağ problemidir. Bir milyona yaxın qaçqının torpaqlarından didərgin düşüb. Bu da təxminən əhalinin 10 faizini əhatə edir və bilavasitə məşğulluq məsələlərinə öz təsirini göstərir. İnsanlar torpaqlarını, eyni zamanda, işlərini itiriblər. Bu da məşğulluq probleminə xüsusi təsir göstərir”, - deyə Ə.Əhmədov vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda insanların işlə təmin olunması ilə bağlı bir çox layihələr həyata keçirilir. BƏT-də bu problemlərin həllində yaxından iştirak edəcək, onların həlli istiqamətində məsləhətlər verəcək.
Daha sonra BƏT-in Məşğulluq siyasəti departamentinin direktoru xanım Azita Berar Avad bildirib ki, məşğulluq sahəsi ilə bağlı hər zaman Azərbaycanla əməkdaşlıq etməyə hazırdırlar və dəstəklərini əsirgəməyəcəklər.