YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev: Baramaçılığın inkişafı bir çox istehsalat sahələrinə ciddi təkan verəcək

Gələn il 500 ton barama tədarük edilə bilər. Əkilən və əkiləcək ağacları nəzərə alsaq, 2019-cu ildə ən azı 1000 ton səviyyəsinə çatmaq mümkündür. Əgər bütün planlarımız həyatda öz əksini tapsa, biz 2025-ci ildə 6 min ton barama istehsal edə bilərik. Beləliklə, sovet vaxtının ən yüksək səviyyəsinə qalxıb, hətta onu keçə də bilərik. Real imkanlar var.

Bu sözləri Prezident İlham Əliyev Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində bildirib.

Azərbaycanda baramaçılıq kütləvi xarakter alacaq

Dövlətimizin başçısı ölkə ərazisində kütləvi şəkildə tut ağaclarının əkildiyini diqqətə çatdıraraq deyib: “Bizdə iki il bundan əvvəl təqribən 300 mindən bir qədər çox tut ağacı var idi. Son 1-2 il ərzində isə onların sayı 2 milyon 200 minə çatdı. Bütün tinglər dövlət tərəfindən alınır, özü də xaricdən, valyuta ödənilir, baramaqurdu toxumları da gətirilir və ağacəkmə prosesi kütləvi xarakter alıbdır. Dövlət yenə də əsas yükü öz üzərinə götürür və tapşırıq verilmişdir ki, gələn dörd il ərzində əlavə 8 milyon tut tingi əkilsin. İndi bizim 2 milyon 200 min ağacımız var, 8 milyon əlavə əkiləcək. Beləliklə, 10 milyon tut ağacımız olacaqdır. Bu işi Ekologiya və Təbii Sərvətlər Nazirliyi görəcək. Bütün aidiyyəti qurumlar da bu işlərə qoşulsunlar. Eyni zamanda, mən məsləhət görürəm ki, kəndlilər, fermerlər də fərdi qaydada tut ağacları əksinlər ki, istehsal daha da artsın. Beləliklə, Azərbaycanda baramaçılıq kütləvi xarakter alacaqdır. Əgər hazırda 700-dən çox kənddə baramaçılıqla məşğul olurlarsa, bu, onu göstərir ki, bu sahəyə çox böyük maraq var. Bu, çox sevindirici haldır”.

Qax Damazlıq İpəkçilik Stansiyasının yenidən qurulmasına Prezidentin ehtiyat fondundan 4,5 milyon manat ayrıldığını xatırladan dövlətimizin başçısı bildirib ki, stansiya tezliklə ən yüksək avadanlıqla təchiz edilməli və xarici bazarlardan asılılıq aradan götürülməlidir. Həmçinin tütünçülükdə olduğu kimi, baramaçılıqda da tezliklə qəbul məntəqələri yaradılmalıdır.

Üç min ton emal gücündə olan yeni ipək kombinatının yaradılması zəruridir

“Şəki İpək” ASC-nin fəaliyyətinin daha da genişləndirilməli olduğunu vurğulayan Prezident İlham Əliyev deyib: “Məndə olan məlumat ondan ibarətdir ki, hazırda “Şəki İpək”in istehsal gücü ildə 135 ton xam ipəkdir. Əgər biz öz hədəfimizə çatsaq və 6 min ton barama tədarük olunsa, 6 min ton yaş baramadan 600 tondan çox xam ipək alınacaqdır. İndi isə istehsal gücü 135 tondur. Bu, onu deməyə əsas verir ki, ilk addım olaraq “Şəki İpək”in imkanları genişləndirilməlidir. Baxmaq lazımdır, əgər dövlət vəsaiti lazımdırsa, biz bunu ayırmağa hazırıq ki, tezliklə kombinatın istehsal gücü artsın və təqribən 3 min ton yaş baramanı emal edə bilsin. Çünki bizdə olan məlumata görə, bu rəqəmə sürətlə çatacağıq. Hazırda “Şəki İpək”də üçnövbəli iş rejimində 1300 ton yaş barama emal oluna bilər. Beləliklə, “Şəki İpək”in fəaliyyəti bərpa edildi, tam bərpa edilməlidir, genişləndirilməlidir və 3 min ton yaş barama emal olunmalıdır. Bununla bərabər, biz gərək yeni ipək kombinatının yaradılması haqqında nəinki düşünək, artıq konkret addımlar ataq. Üç min ton emal gücündə olan yeni kombinatın yaradılması zəruridir. Müvafiq dövlət qurumları, Prezident Administrasiyası, nazirliklər, yerli icra orqanları baxsınlar, təkliflər versinlər. Mən hesab edirəm ki, dövlət bu sahədə öz dəstəyini göstərməlidir. Əlbəttə, çox yaxşı olar ki, özəl investorlar da bu işlərə qoşulsunlar. Xarici, yerli investorların marağı olarsa, dövlət də onlara dəstək verməyə hazırdır. Çünki bu da çox gəlirli sahədir. İnvestorlar əmin olmalıdırlar ki, bu sahənin inkişafı ilə bağlı heç bir problem olmayacaq. İndi çoxlu ağaclar əkilir, bu, yeni yaranacaq ipək kombinatının resurs bazasıdır. Yəni, heç bir problem olmayacaq və beləliklə, ancaq sərmayə qoymaq, ondan sonra hazır məhsul istehsal etmək lazımdır. Aidiyyəti dövlət qurumları investisiya təklifləri ilə əlaqədar işləsinlər və tezliklə mənə təklif versinlər ki, bu yeni kombinatın harada yerləşməsi, fəaliyyət göstərməsi daha məqsədəmüvafiqdir”.

Azərbaycan dünya bazarına öz ipəyi ilə daha geniş şəkildə çıxmalıdır

Azərbaycan dünya bazarına öz ipəyi ilə daha geniş şəkildə çıxmalıdır. Bunun üçün ixrac bazarları təftiş və təhlil edilməlidir. Dövlətimizin başçısı bildirib ki, burada da çox böyük rəqabət var. Bazarlar demək olar ki, artıq bölünüb və ixrac bazarlarına çıxmaq üçün gərək əlavə səylər göstərilsin. Ona görə, bu istehsal sahəsini yaratmaq işin ancaq birinci hissəsidir, bir tərəfidir. “Biz xarici bazarlara öz hazır məhsulumuzla - həm ipək ipləri ilə, həm hazır məhsulla çıxmalıyıq. Xüsusilə nəzərə alsaq ki, Azərbaycanda ipəkçiliyin qədim tarixi var, bizim kəlağayı bizim milli sənətimizdir, milli sərvətimizdir, ona görə, bu məsələlər də geniş şəkildə araşdırılmalıdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Daha 12 rayonda yeni xalça fabrikləri açılacaq

İpəkçilik öz növbəsində xalçaçılığa da güclü təkan verəcək. Bu barədə danışan dövlətimizin başçısı deyib: “İndi biz xalçaçılığın inkişafı ilə də ciddi məşğuluq. “Azərxalça” 13 rayonda öz fabriklərini yaradır, onlardan birincisi keçən il Horadiz şəhərində mənim iştirakımla açılmışdır. Bu il, gələn il daha 12 rayonda yeni xalça fabrikləri açılacaqdır və o cümlədən biz ipək xalçaların istehsalı üçün bu işləri yerli xammal əsasında qurmalıyıq. Ona görə, baramaçılığın inkişafı bir çox istehsalat sahələrinə ciddi təkan verəcəkdir. Tütünçülükdə olduğu kimi, bu sahəni sürətlə inkişaf etdirmək üçün dövlət proqramı qəbul edilməlidir”.