YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: Müasir dövrdə münaqişələrin qarşısının alınmasında multikultural dəyərlərin təşviqi vacibdir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda BMT və İƏT-in birgə təşkilatçılığı ilə keçirilən “Yerusəlim məsələsi üzrə Beynəlxalq Konfrans”da iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Miroslav Yença konfransa ev sahibliyi etdiyinə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib.

Konfrans çərçivəsində baş tutan görüş və müzakirələrin səmərəli olduğunu deyən M.Yença Yaxın Şərq də daxil olmaqla, dünyanın digər regionlarında da hərtərəfli inkişafın ədalətli sülhün bərqərar olmasından asılılığını diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanda hökm sürən tolerantlıq və multikulturalizm ənənələrinə toxunaraq müasir dövrdə baş verən münaqişələrin qarşısının alınmasında və həllində multikultural dəyərlərin beynəlxalq səviyyədə təşviq edilməsinin vacibliyini vurğulayıb.

Ermənistanın Azərbaycana qarşı təcavüzündən və işğalından danışan nazir Elmar Məmmədyarov BMT tərəfindən münaqişənin həll edilməsi üçün substantiv danışıqların dəstəklənməsinin təqdir olunduğunu deyib. O, həmçinin münaqişə nəticəsində Azərbaycanın üzləşdiyi humanitar fəlakətin qarşısının alınmasında, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həll edilməsində BMT-nin ixtisaslaşmış qurumlarının, xüsusilə Qaçqınlar üzrə Ali Komissarlığın rolunu qeyd edib.

Danışıqlar prosesinin gedişi barədə məlumat verən Elmar Məmmədyarov əlavə edib ki, münaqişənin həllinin əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən tam şəkildə və qeyd-şərtsiz çıxarılması təmin olunmalıdır.

Eyni zamanda, nazir Azərbaycanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında ilk dəfə “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi” mövzusunda iclasın keçirildiyini xatırladaraq, sülh və sabitliyin əldə edilməsində bu kimi təşkilatların sıx əməkdaşlığının təqdirəlayiq hal olduğunu vurğulayıb.

Görüşdə, həmçinin Azərbaycan-BMT tərəfdaşlığı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.