Xəbərlər
Baş nazirin müavini Əli Əhmədov Nyu-Yorkda Belarus, Kanada və Polşa nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb
Azərbaycan Respublikasının Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Baş qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə dair ilk könüllü Milli İcmalının təqdim edilməsi məqsədilə Nyu-Yorkda səfərdədir.
Nazirlər Kabinetindən bildiriblər ki, səfər çərçivəsində Baş nazirin müavini Əli Əhmədov Belarus parlamentinin vitse-spikeri xanım Marianna Şotkina, Kanadanın xarici işlər naziri xanım Kristia Freeland və Polşanın İnkişaf nazirinin müavini Jerzi Kviecinski ilə görüş keçirib.
Belarus nümayəndə heyətinin rəhbəri ilə görüş zamanı ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivləri, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində, eyni zamanda, Milli Məruzələrin hazırlanmasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması və bu sahədə Azərbaycan təcrübəsinin öyrənilməsi kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Kanadanın xarici işlər naziri xanım Kristia Freeland ilə görüşdə ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, qlobal və regional təhlükəsizlik, qaçqın və məcburi köçkün problemlərinin həlli ilə bağlı məsələlər müzakirə olunub.
Polşanın inkişaf nazirinin müavini Jerzi Kviecinski ilə keçirilən görüşdə Baş nazirin müavini Əli Əhmədov Polşa və Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini və bu uğurlu əlaqələrin gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib. Eyni zamanda, Polşanın inkişaf nazirinin müavini Azərbaycan Respublikası Prezidentinin Polşa Respublikasına səfərinin ölkələrimiz arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinə təkan verəcəyinə əmin olduğunu vurğulayıb. Bununla yanaşı, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində Azərbaycanın uğurlu addımlar atdığı və bu sahədə ölkəmizin təcrübəsinin öyrənilməsinin vacibliyi diqqətə çatdırılıb.