Xəbərlər
Hadi Rəcəbli: Ölkəmizdə turizmin inkişafı üçün böyük potensial var
«Hazırda ölkədə islahatların növbəti mərhələsi uğurla həyata keçirilir». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
H.Rəcəbli bildirib ki, bu islahatlar müxtəlif sahələri əhatə edir. Onun sözlərinə görə, sosial-iqtisadi sahə ilə yanaşı, hüquqi sahədə də islahatlar davam edir. «Xüsusilə, qeyri-neft sektorunun inkişafı yönündə mühüm addımlar atılır. Bu sektorun inkişafı üçün ölkəmizin kifayət qədər potensialı var. Hazırda dövlət başçısının müvafiq qərarları əsasında respublikanın müxtəlif bölgələrində sənaye zonaları, məhəllələri, texnoparklar yaradılır. Bununla yanaşı, Azərbaycanda aqrar sahənin də böyük potensialı var. Ona görə də, bu gün kənd təsərrüfatının inkişafı, yerli məhsulların emalı istiqamətində zəruri addımlar atılır” - deyən H.Rəcəbli əlavə edib ki, qeyri-neft sektorunda turizm də mühüm yer tutur.
O bildirib ki, artıq Azərbaycanda bu sahədə xeyli işlər görülüb və bunun nəticəsində də son illər ölkəmizə gələn turistlərin sayı əhəmiyyətli dərəcədə artıb. Bununla belə, millət vəkili hesab edir ki, ölkəmizdə bu sahənin inkişafı üçün də daha böyük potensial var. Çünki turizmin inkişafı üçün bütün şərtlər mövcuddur. Həm təbiət, həm iqlim, həm də tarixi-mədəni abidələrin zənginliyi baxımından Azərbaycan digər turizm ölkələrindən heç də geri qalmır.