YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mövlud Çavuşoğlu: Azərbaycan özünə məxsus olan torpaqları geri qaytarmaq hüququna malikdir

İtaliyanın “Notizie Geopolitiche” xəbər portalında Türkiyənin Avropa İttifaqı üzrə naziri Mövlud Çavuşoğlunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərinin yer aldığı yazı yerləşdirilib.

Yazıda son günlər Dağlıq Qarabağ regionunda, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərginliyin artmasına münasibət bildirən Mövlud Çavuşoğlu deyib: “Təbii ki, biz məsələnin sülh yolu ilə həllinə tərəfdarıq, lakin Azərbaycan özünə məxsus olan torpaqları geri qaytarmaq hüququna malikdir. Tərəflər arasında danışıqların aparılması münaqişənin həllinin əsas yoludur. Lakin Azərbaycanın hərbi yolla da Dağlıq Qarabağ bölgəsini işğaldan azad etmək hüququ var”.

Məqalədə türkiyəli nazir münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunu problemi tezliklə nizamlamağa və qarşıdurmalara son qoymağa çağırıb. Oxucuların diqqətinə çatdırılır ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək hüququnu müdafiə edən Türkiyə hər zaman bu məsələdə dəstəyini göstərib.

Münaqişə ilə bağlı məlumat verən müəllif qeyd edir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon Ermənistan silahlı qüvvələri tərəfindən 20 ildən artıqdır işğal olunub. BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan 4 qətnamə qəbul etməsinə baxmayaraq, məsələ hələ də həllini tapmayıb. Münaqişə nəticəsində Azərbaycanın 20 faiz torpaqları işğal olunub və bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvalarından didərgin düşüb.