YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Dayanıqlı İnkişaf Məqsədləri üzrə beynəlxalq seminar işə başlayıb

Mayın 30-da Bakıda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və BMT-nin Asiya və Sakit Okean Ölkələri üzrə Statistika İnstitutunun birgə təşkilatçılığı ilə yüksək səviyyəli rəsmi statistiklər üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə məlumat və statistikaya dair subregional seminar öz işinə başlayıb.

Dövlət Statistika Komitəsinin sədri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvü Tahir Budaqov Prezident İlham Əliyevin mükəmməl dövlətçilik siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdəki yerini möhkəmləndirməsinin, regionun lider dövlətinə və söz sahibinə çevrilməsinin dünya miqyasında qəbuledilən reallıq olduğunu deyib. Bildirib ki, bu reallığı Azərbaycanın geniş geosiyasi məkanda multikultural, sülh, tərəqqi, sabitlik, iqtisadi əməkdaşlıq mərkəzi kimi böyük nüfuz qazanması bir daha təsdiqləyir.

Tahir Budaqov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, eyni zamanda, dayanıqlı inkişafın davamlılığının təmin edilməsi ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. O, dayanıqlı inkişaf məqsədlərinin ölkə səviyyəsində icrasının təmin edilməsi və bu sahədə səmərəli milli icra mexanizminin formalaşdırılması məqsədilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Prezident İlham Əliyevin 2016-cı il 6 oktyabr tarixli Fərmanının əhəmiyyətini xüsusi vurğulayıb. Bildirilib ki, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”lə müəyyən edilmiş məqsəd və hədəflər üzrə irəliləyişin milli, regional və qlobal səviyyədə monitorinqinin aparılması üçün tələb olunan yüksək keyfiyyətli, əlçatan, vaxtında verilən, etibarlı və təfsilatlı məlumatların təmin edilməsi baxımından BMT-nin Statistika Komissiyasının 48-ci sessiyasında təsdiq edilmiş qlobal göstəricilər sistemi böyük əhəmiyyətə malikdir və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olma vəziyyətinin qiymətləndirilməsi üçün informasiya təminatının həyata keçirilməsi statistiklərin üzərinə yeni vəzifələr qoyub.

Baş nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Azərbaycanda qeyri-neft sektorunun və ixracyönümlü iqtisadiyyatın genişləndirilməsi, bütün sahələrdə inkişafın davamlılığının təmin edilməsi məqsədilə ciddi addımların atıldığını deyib. Bildirib ki, Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış Milli Əlaqələndirmə Şurası fəaliyyətə başladığı dövrdən sonra kifayət qədər işlər görüb və qarşıda hələ də bir çox mühüm vəzifələr dayanır.

BMT-nin Asiya və Sakit Okean Ölkələri üzrə Statistika İnstitutunun direktoru Aşiş Kumar bu tədbirin 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəlik üçün rəsmi statistikanın transformasiyası məsələlərinə həsr olunduğunu qeyd edib. Qeyd edib ki, dayanıqlı inkişaf məqsədləri göstəriciləri üzrə beynəlxalq tələblərə cavab verən statistik məlumatların hazırlanmasında milli statistika sistemlərinin böyük rolu var və həmin məlumatların istehsalı milli statistika potensialının gücləndirilməsini, statistika sistemi daxilində milli statistika təşkilatlarının rolunun artırılmasını, əlavə mənbələr kimi inzibati, irihəcmli və geoməkan məlumatlarından geniş istifadə edilməsini zəruri edir.

Beynəlxalq tədbirdə BMT-nin Asiya və Sakit Okean Ölkələri üzrə Statistika İnstitutunun, MDB Dövlətlərarası Statistika Komitəsinin, İslam Əməkdaşlıq Təşkilatının, İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin, Almaniya, Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Monqolustan, Özbəkistan, Rusiya, Tacikistan və Türkiyə statistika qurumlarının rəhbər şəxsləri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvləri və Azərbaycanda akkreditə olunmuş bir sıra beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər.

DİGƏR Xəbərlər Arxiv